Vladimir Kuleşov: "Rusiya, Azərbaycan və Qazaxıstanın mövqeləri üst-üstə düşür”

“Xəzərdə təhlükəsizliyin təmin olunması məsələsinə yanaşmada Rusiya, Azərbaycan və Qazaxıstanın mövqeləri tam üst-üstə düşür”.

 

Bunu jurnalistlərə açıqlamasında Rusiya Federal Təhlükəsizlik Xidməti direktorunun birinci müavini, Sərhəd Xidmətinin rəhbəri Vladimir Kuleşov dedi. O bildirdi ki, Xəzərdə təhlükəsizlik mövzusu MDB Sərhəd Qoşunları Komandanları Şurasının Bakıda keçirilən 70-ci iclasında müzakirə olunub və müvafiq qərar qəbul olunub: "Biz MDB ölkələri rəhbərləri üçün öz təkliflərimizi hazırlayırıq. Hazırda bunlar razılaşdırılır və ekspertlər bu məsələnin üzərində işləyir".   

 

O həmçinin bildirdi ki, MDB ölkələri Sərhəd Qoşunları Komandanları Şurasının Bakıda keçirilən iclasında 7 məsələ müzakirə olunub və 21 qərar qəbul edilib: "Yığıncaqda şuranın yarandığı gündən bu yana fəaliyyəti təhlil edilib, bu il Xəzər, Qara və Azov dənizlərində, eləcə də quru sərhədlərində keçirilmiş xüsusi əməliyyatların, profilaktik tədbirlərin nəticələri qiymətləndirilib. Biz birgə fəaliyyətin perspektivlərinə və effektivliyinin yüksəldilməsinə də diqqət yetirdik. Orta Asiya regionundakı vəziyyəti dəyərləndirdik".

 

Vladimir  Kuleşov qeyd etdi ki, tərəflər MDB ölkələrinin sərhədlərində mümkün böhranlı situasiyaların aradan qaldırılması üzrə işi əlaqələndirmək, eləcə də sərhəd mühafizəsi sahəsində birgə kadr hazırlığı barədə razılığa gəliblər.

 

Rusiyalı qonaq Bakıda bir sıra obyektlərə, o cümlədən Dövlət Sərhəd Xidmətinin Akademiyasına baş çəkib və bu təhsil müəssisəsinin mütəxəssis hazırlığı üçün çox ciddi bazaya malik olduğu qənaətinə gəliblər.  

Müəllif | Apa.Tv