Gömrükçülərin müsadirə etdiyi Ermənistan konyakları və siqaretləri yandırıldı
Müxtəlif vaxtlarda respublikamızın ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən zaman gömrük orqanları tərəfindən tutulmuş və istifadəsi yararsız hesab olunmuş məhsullar Dövlət Gömrük Komitəsi tərəfindən xüsusi ayrılmış sahədə yandırılaraq məhv edilib.
APA TV-nin xəbərinə görə, həmin məhsullardan ümumi miqdarı 64 802 qutu təşkil edən müxtəlif adda tütün məmulatları Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rəyinə əsasən istifadəyə yararsız sayıldığından zərərsizləşdirilib.
Bundan başqa, 207 kq kolbasa, 91 kq hisə verilmiş balıq, 218 ədəd (113 qr-lıq bankalarda) balıq kürüsü isə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən istifadə müddəti bitdiyi üçün məhv olunub. Müxtəlif adda 611 ədəd pivə və kustar üsulla hazırlanmış 864 litr şərab standart tələblərə uyğun gəlmədiyi və istifadəyə yararsız olduğu üçün onlar da zərərsizləşdirilib. Nəhayət, gömrükçülərin müsadirə etdiyi mallar arasında Ermənistan istehsalı olan 51 qutu siqaret, 23 ədəd kofe, 31 ədəd konyak da istifadəyə yararsız olduğu üçün məhv edilib.
İstifadə müddəti bitdiyi üçün 446 ədəd mineral su, 659 ədəd limonad, 3815 ədəd sərinləşdirici və enerji içkisi, eləcə də 317 ədəd müxtəlif duru yağlar da məhv edilib. Bundan başqa, müxtəlif markalı 252 ədəd mobil telefonlar kontrafakt məhsullara aid edildiyi üçün məhv olunub.
Qeyd edək ki, sözügedən bütün məhsullar məhvetmə komissiyasının üzvləri və Komitənin səlahiyyətli nümayəndələrinin iştirakı ilə zərərsizləşdirilib.