Salyanda ferma yandı
Salyanda ferma yanıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında Salyan rayonunun Ərəbqardaşbəyli kəndində qeydə alınıb.
Yanğın kənd sakini Vahid Firidunoğluna məxsus fermada ot bağlamasının qəfildən alovlanmasından sonra başlayıb. Yanğının əhatə dairəsi genişlənərək mal-qaranın saxlanıldığı əraziyə keçib.
Olay barədə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Salyan Dövlət Yanğından Mühafizə Hissəsinə məlumat verilib. Dərhal hadisə yerinə 2 yanğınsöndürən maşın və 10 nəfər şəxsi heyət cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində yanğını söndürülüb, digər yerlərə keçməsinin qarşısı alınıb. Lakin buna baxmayaraq, ümumi sahəsi 575 kvadratmetr olan fermanın 330 kvadratmetr sahəsində və fermanın içərisinə yığılmış 1000 ədəddən çox ot bağlaması yanaraq kül olub. Yanğın zamanı həmçinin fermanın içərisində olan 1 baş dana, 7 baş buzov və 4 baş xırdabuynuzlu heyvan tüstüdən boğularaq tələf olub. Yanğının elektrik naqillərindəki qısaqapanmadan baş verdiyi ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.