Polşalı baykerlər Şəkidə qəzaya uğradı
Polşalı baykerlər Şəkidə qəzaya uğrayıblar.
APA TV-nin məlumatına görə, hadisə iyulun 29-da günorta saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Şəki rayonunun Qırxbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Bakı şəhər sakini, 58 yaşlı Hicran Ələkbər qızı Qarabəyli idarə etdiyi “Prado” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək həmin yolla hərəkət edən baykerləri vurub.
Qəza nəticəsində Hicran Qarabəylinin özü, eləcə də baykerlər - Polşa Respublikasının vətəndaşları 39 yaşlı Eyva Petrovski və 51 yaşlı Pyotr Muravski müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar Şəki Mərkəzi Rayon Xəstəxanasına aparılıblar.
Şəki Mərkəzi Rayon Xəstəxanasından APA TV-yə verilən məlumata görə, Hicran Qarabəylinin vəziyyəti yüngül olduğundan, ambulator müalicəyə buraxılıb. Polşalı baykerlərdən Eyva Petrovski döş fəqərəsinin sınığı diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə, Pyotr Muravski isə sağ biləyinin sınığı ilə cərrahiyyə şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.