Yolları dağıdan sürücülər məhkəməyə veriləcək
Azərbaycanda yol qəzalarının sayı artdıqca yol təsərrüfatına dəyən ziyanın da həcmi artır. Elə bu görüntüləri diqqətlə izləmək kifayət edər ki, yol qəzalarının yollarımıza vurduğu ziyanın hansı səviyyədə olduğu barədə təəssürat yaransın. Nəqliyyat Nazirliyi «Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin APA TV-yə təqdim bu görüntülər 2012-ci ili və bu ilin 6 ayını əhatə edən ziyanın bir hissəsidir. Pünhan Mürsəliyev deyib ki, avtomobil yollarından, yol qurğularından istifadə və onların qorunmasına dair müddəalar hələ 1989-cu ildə Azərbaycan SSRİ Nazirlər Sovetinin qəbul etdiyi qərarla tənzimlənir ki, bu qərar hələ də qüvvədədir: «Yol orqanları daxili işlər orqanları ilə birlikdə mövsümi olaraq yollara baxış keçirməli, yol nəqliyyat hadisələrinin səbəblərini araşdırmalı və hərəkətin təhlükəsizliyini tam şəkildə təmin etməlidirlər. Hər hansı yol qəzası nəticəsində yol təsərrüfatına ziyan dəyibsə, daxili işlər orqanlarının əməkdaşları yol orqanını bu barədə akt tərtib etməyə məcbur etməlidir».
Əslində, Pünhan Mürsəliyevin söylədiyi fikirlər çox maraqlı görsənir. Və elə əslində, bu cür aktlar da tərtib olunur. Amma bunun bir faydası varmı? Məsələn, gəlin Babək və Nobel prospektlərinə bir nəzər salaq. Burada yol təsərrüfatına dəyən ziyan göz qabağındadır. Məsələn, yol qəzaları nəticəsində sıradan çıxan işıq dirəkləri neçə illər keçsə də, bərpa olunmur. Azəryolservis rəsmisi isə deyir ki, yol qəzası baş verərkən tərtib olunan aktda yol təsərrüfatına dəyən ümumi ziyan əksini tapır: «Orada da qeyd olunur ki, yol hərəkəti iştirakçısı tərəfindən yola ziyan dəyirsə, bu ziyan birbaşa təqsirkarın hesabına ödənilməlidir. Yol qəzası baş verirsə və bunun yolun texniki istismarı ilə bağlı bağlılığı varsa, birinci növbədə bu, araşdırılmalıdır. Vəsait isə maraqlı tərəfin tələbi ilə ziyan vuran tərəfindən ödənilir. Həmin vəsait də birbaşa dəymiş ziyanın aradan qaldırılmasına sərf olunur».
Amma Pünhan Mürsəliyev deyir ki, yol təsərrüfatına ziyan vurunlar sonradan zərəri ödəmirlər və ya ödəməkdən yayınırlar. Elə buna görədir ki, Azəryolservis ASC bu məsələdən narahatdır: «Gəlin ödənilşlərə nəzər salaq. Təxminən, 1700 paqonmetrdən artıq əyrixətli tir sıradan çıxıb. İki ay ərzində mütəxəssislərimiz Bakı-Quba-Rusiya sərhədi və Bakı-Qazax-Gürcüstanın dövlət sərhədi yolunun 60 km-nə baxış keçirilib. 51-ə yaxın hadisə qeydə alınıb ki, bu barədə yol təsərrüfatı orqanının heç bir məlumatı yoxdur».
Təkcə bu ilin 6 ayı ərzində yol təsərrüfatına 170 min manatdan artıq ziyan dəydiyini deyən Azəryolversis rəsmisi bildirib ki, ötən il 12 min paqonmetrdən artıq əyrixətli tir sıradan çıxıb. Bundan əlavə, yol göstəriciləri və yol nişanlarına da ziyan dəyib ki, nəticədə dəyən zərərin həcmi 3 milyon manatı ötüb: «Ödənişlərə fikir versək, bugünkü reallıq onu göstərir ki, vəziyyət heç də qənaətbəxş deyil. 3 milyona qarşı cəmi 44 mindən bir qədər artıq vəsait ödənilib. Təbii ki, bu da yaxşı göstərici deyil».
Belə olduqda, məsələnin məhkəmə müstəvisinə qalxdığını deyən Pünhan Mürsəliyev deyir ki, məhkəmənin özü də uzun proses olduğu üçün bəzən dəyən ziyanın ödənilməsi aylarla, illərlə gecikir. Bəzən isə yola ziyan vuranlar məhkəmə qərarlarını icra etmirlər. Bu müddət ərzində isə sıradan çıxan yol və ya yol elementləri bərpa olunmazsa digər qəzaların baş verməsinə səbəb ola bilər. «Azəryolservis»də hesab edirlər ki, vətəndaşlar zərəri ödəmədikdə belə dağılan yollar və yol elementləri bərpa olunur. Təki belə olsun və təki alacağınız olsun…