Ermənilər Tərtərdə yaşayış və əkin sahələrini gecə boyu atəşə tutdu

Erməni silahlı bölmələri ötən gecə cəbhə boyu atəşkəsi pozmaqda davam edib.

 

Düşmən ordusu Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan və iriçaplı pulemyotlardan atəşə tutub.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Tərtərin cəbhəyanı yaşayış məntəqəsi olan Qapanlı kəndi də erməni hərbçilərin hədəfində olub.

 

Kənddəki yaşayış evləri avtomat və müxtəlif çaplı pulemyotlardan atəşə tutulub. Yerli sakinlər arasında ölən və ya xəsarət alan yoxdur.

 

Sakinlər APA TV-yə bildiriblər ki, əkin sahələrinə, kəndə yaxın ərazilərə xeyli sayda mərmi düşüb.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 mm çaplı minaatanlardan, iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 84 dəfə pozub. Düşmən cavab atəşi ilə susdurulub.

 

Müəllif | Apa.Tv
Apa.tv