Bakıda qeyri-adi "ASAN Xidmət" mərkəzi - XÜSUSİ REPORTAJ
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 5 saylı Bakı “ASAN Xidmət” mərkəzi fəaliyyətə başlayıb.
APA TV-nin xəbərinə görə, bununla da ölkədə fəaliyyət göstərən "ASAN Xidmət" mərkəzlərinin sayı 9-a çatıb. Onlardan 5-i paytaxtda, 4-ü isə regional olmaqla Sumqayıt,
Gəncə, Sabirabad və Bərdədədir.
Yeni "ASAN Xidmət" bir çox funksiyaları ilə fərqlənir. İlk dəfə bu mərkəzdə “ASAN ECO oturacaq”lar quraşdırılıb. Bunların hər biri ASAN loqosu formasında olan günəş panelləri ilə təchiz olunub. Qurğuya yerləşdirilmiş modem vasitəsilə isə internetdən pulsuz yararlanmaq imkanı var.
Bura idman zalı deyil. Bura 5 saylı Bakı "ASAN Xidmət" Mərkəzidir. Bu otaq isə stress otağıdır. İşçilər gərgin iş günündən sonra bura gələrək istirahət edə bilərlər.
“ASAN Xidmət” mərkəzində vətəndaşların gözləməsi və vaxtını səmərəli keçirməsi üçün funksional yardımçı xidmətlər - bank, sığorta, hüquqi yardım və tərcümə mərkəzləri, laboratoriya, tibbi xidmət, poçt şöbələri, fotostudiya fəaliyyət göstərir. Xüsusi terminallar vasitəsilə mobil rabitə, internet, işıq, su, qaz və digər kommunal xidmətlərin, kredit və sığorta ödənişlərinin həyata keçirilməsi mümkündür.
"Asan Xidmət" mərkəzində belə bir qurğu da quraşdırılıb. Kağıza qənaət etmək, təbiətə zərər verməmək üçün bu kağızlar yenidən istifadəyə yararlı vəziyyətə gətirilir. Gördüyünüz kimi, yazılı kağız tamamilə pozularaq ağ kağız halına gəlir və bundan 7 dəfəyə qədər istifadə etmək mümkündür. Yazıların silinərək yenidən istifadə olunmasını həyata keçirən, ekoloji cəhətdən daha sağlam və qənaətcil olan printerdə adi kağızdan istifadə olunur.
"ASAN Xidmət" mərkəzində belə innovativ qurğu da quraşdırılıb Belə ki, operatorlar vətəndaşlara yaxınlaşaraq, onların müraciətini online şəkildə qəbul edir.
Bu robot Çağrı Mərkəzinin operatorları ilə canlı bağlantı yaradaraq, vətəndaşın sorğu və müraciətinin qəbul olunmasını təmin edir. Robotdan həmçinin videokonfransların keçirilməsi və videodanışıqların aparılması zamanı da istifadə olunur.
Agentliyin sədr müavini Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında bildirib ki, "ASAN Xidmət" mərkəzlərinin sayı artdıqca, respublika miqyasında qeydiyyatından asılı olmayaraq, bütün mərkəzlərdə istənilən vətəndaşa xidmət göstəriləcək. Bunun üzərində iş gedir. Bu məsələdə bizə çətinlik yaradan əsas amil bütün regionlarda “ASAN xidmət” mərkəzlərinin olmamasıdır. Onun sözlərinə görə, növbəti ildən Qəbələ və Masallı şəhərlərində “ASAN Xidmət” mərkəzləri fəaliyyətə başlayacaq: “Bununla da ölkə üzrə bütün mərkəzlərdə qeydiyyat yerindən asılı olmayaraq, istənilən vətəndaşa xidmət göstərə biləcəyik. Ümumilikdə respublikadakı 9 “ASAN Xidmət” mərkəzi 6 milyon 500 min vətəndaşı əhatə edib ki, onlardan da 5 milyon 700 min nəfərə xidmət göstərilib Bu da o deməkdir ki, əhalinin 90 faizi “ASAN Xidmət” mərkəzlərinin xidmətlərindən yararlana bilib”.
Sədr müavini bildirib ki, xidmətin səyyar avtobusları vasitəsilə 200 min vətəndaşa xidmət göstərilib və hazırda bu xidmətlər davam etdirilir.
Hazırda "ASAN Xidmət" mərkəzlərində 10 dövlət orqanı tərəfindən 30 növ xidmət göstərilir. Eyni zamanda mərkəzlərdə 30 növ funksional yardımçı xidmətlər təşkil edilib. Daxil olan müraciətlər arasında şəxsiyyət vəsiqələrinin alınması və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, notariat fəaliyyəti, eləcə də miqrasiya və əmlak məsələləri ilə bağlı olan xidmətlər üstünlük təşkil edir. Artıq xidmət ilk müştərilərini qəbul edir.
5 saylı “ASAN Xidmət” mərkəzinin yerləşdiyi ərazidə 150 yerlik avtomobil dayanacağı da yaradılıb və buradakı yerüstü keçid piyadaların təhlükəsiz hərəkətini təmin edir.