PKK daha 3 türk hərbçisini şəhid etdi
Türkiyənin Şırnak vilayətində hərbçilər PKK terrorçularının hücumuna məruz qalıb.
APA-nın xəbərinə görə, terrorçular vilayətdə yerləşən Görməc hərbi bazasında yola nəzarət edən hərbçilərə atəş açıblar. Nəticədə 3 hərbçi şəhid olub. Onlardan biri zabit, ikisi əsgərdir.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumata görə, separatçı terrorçular hərbçilərə silahlı hücum ediblər. Nəticədə Silahlı Qüvvələrin 3 hərbçisi ölüb, açılan cavab atəşi ilə 1 terrorçu məhv edilib. Hadisə yerinə Türkiyə Silahlı Qüvvələrinin helikopterləri və hərbçiləri göndərilib.
Bu arada Ağ Evin nümayəndəsi Erik Şultz Türkiyənin təzyiqləri azaltmasını, sülh yolu ilə çözüm prosesinin davam etdirməsini arzuladıqlarını bildirib. Onun sözlərinə görə, ABŞ Türkiyənin bir neçə gündür, İŞİD və PKK terror təşkilatlarına qarşı başladığı hərbi əməliyyatın miqyasının azaldılmasını istəyir.
Şultz Türkiyənin İŞİD-ə qarşı yaradılmış koalisiyaya dəstəyi və PKK mövqelərinə zərbə endirməsi ilə bağlı sualı cavablandırarkən deyib ki, Türkiyə NATO-nun strateji müttəfiqidir: “Türkiyə hökumətinin İŞİD-lə mübarizədə dəstəyindən məmnunuq. PKK da terror təşkilatıdır. Bu təşkilatın terror hücumlarını pisləyirik. Ancaq hesab edirik ki, sülh yolu ilə çözüm prosesini davam etdirmək lazımdır. Türkiyəni bu prosesə dönməyə çağırırıq”.
Qeyd edək ki, bir neçə gündür Türkiyə terror təşkilatlarına qarşı əməliyyatlara başlayıb. PKK-nın İraqın şimalındakı mövqelərinin havadan atəşə tutulması nəticəsində yüzlərlə terrorçu məhv edilib. Həmçinin ölkə daxilində hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər nəticəsində İŞİD və PKK üzvü olan yüzlərlə şəxs saxlanılıb.