Lənkəranda 6 ədəd tank əleyhinə mina zərərsizləşdirildi

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) xüsusi əməliyyat qrupu Lənkəranın dənizsahili ərazilərinin minalardan təmizlənməsi tədbirlərini davam etdirir.

 

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, axtarışların aparıldığı ərazidə keçmiş SSRİ dövründə tank alayı yerləşib. 1990-cı illərin əvvəllərində hərbçilər Lənkəranı tərk edərkən alaya məxsus xeyli sayda silah-sursat ataraq gediblər.

 

Xəzər dənizində suyun səviyyəsi qalxdıqdan sonra hərbi hissənin yerləşdiyi ərazinin bir çox hissəsi, o cümlədən 2 hərbi sursat anbarı suyun altında qalıb. Ona görə də ANAMA-nın əməliyyatçıları təkcə quru ərazidə deyil, dənizdə də axtarışlar aparırlar.

 

ANAMA-nın əməliyyat üzrə meneceri Böyükağa Haqverdiyevinin sözlərinə görə, dənizkənarı ərazidə hələ də ləpələrin sahilə çıxardığı minalara rast gəlinir. Bununla əlaqədar həmin sahilyanı ərazilər təhlükəsizlik məqsədilə çəpərlənib.

 

İyulun 30-da isə daha 6 ədəd tank əleyhinə mina xüsusi təlimata uyğun partladılmaqla zərərsizləşdirilib. Silahların zərərsizləşdirilmə prosesini media nümayəndələri ilə yanaşı, ANAMA, Sərhəd Qoşunları, yerli hüquq mühafizə orqanlarının əməkdaşları da izləyiblər.

 

İndiyədək ANAMA tərəfindən cənub bölgəsində 140 ədəd tank əleyhinə mina və 8 min ədəddən çox müxtəlif çaplı hərbi sursat tapılaraq zərərsizləşdirilib. Nazirlər Kabinetinin müvafiq qərarı ilə ölkənin cənub bölgəsində bundan sonra daha 300 hektarlıq ərazinin silahlardan təmizlənməsi prosesi həyata keçirilməlidir.

Müəllif | Apa.Tv