Qaxda 3 tondan artıq çətənə məhv edildi
Qaxda külli miqdarda narkotik tərkibli bitki məhv edilib.
APA TV-nin məlumatına görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkilərin olduğu ərazilərin aşkarlanaraq məhv edilməsi istiqamətində “Xaş-Xaş 2015” şərti adı altında əməliyyat tədbiri keçirib.
Tədbir nəticəsində rayonun Fıstıqlı kəndi yaxınlığında meşə zolağının boş istifadə olunmayan 3,5 hektar ərazidə yabanı halda bitmiş narkotik tərkibli bitki hesab edilən çətənə kolları aşkarlanıb. Ərazidən ümumi çəkisi 3 ton 250 kq olan 7244 ədəd çətənə kolu yığılaraq yandırılıb.
Qax RPŞ-dən APA TV-yə bildirilib ki, narkotik tərkibli bitkilərin yerinin müəyyən edilərək dövriyyədən çıxarılması istiqamətində tədbirlər davam etdiriləcək.