Rusiya Bakıda qadını öldürərək qaçan şəxsi Azərbaycana təslim etdi
Bakıda qadını xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən şəxs Rusiyada tutularaq Azərbaycana ekstradisiya olunub.
APA-nın məlumatına görə, fevralın 13-də saat 15 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsində dəniz kənarı yaşayış sahələrinə gedən qumluq yolda 15 bıçaq xəsarətləri ilə qətlə yetirilmiş naməlum qadın meyiti aşkar olunub.
Hadisə yeri polis və prokurorluq orqanlarının əməkdaşlarının iştirakı ilə müayinə olunub, naməlum qadının şəxsiyyətinin müəyyən olunması istiqamətində müvafiq istintaq, əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Bir gün sonra - fevralın 14-də qətlə yetirilmiş şəxsin 1968-ci ildə Oğuz rayonunda anadan olmuş, Abşeron rayonu Masazır qəsəbəsində yaşayan Rzayeva Xatirə Saməddin qızı olduğu müəyyən edilib. Ona məxsus “Mercedes A 160” markalı avtomaşın Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində, meyit aşkar olunduğu ərazidən 4-5 km aralıqda atılmış vəziyyətdə tapılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Xəzər Rayon Polis İdarəsi əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib, mərhum Xatirə Rzayevanın həyat tərzi, əlaqədə olduğu şəxslərin dairəsi dəqiqləşdirilib, qətl hadisəsinin 1974-cü il təvəllüdlü Süleymanov Əmri Tofiq oğlu tərəfindən törədilməsi müəyyənləşib.
Hadisəni törətməkdə şübhəli bilinən Əmri Süleymanov respublika ərazisini tərk etsə də, qonşu ölkədə saxlanılıb. O, bir neçə gün əvvəl Azərbaycana ekstradisiya edilib.
Hazırda həmin cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.