Neftçala sakini kirayənişinini güllələdi

Neftçala sakini evində qalan həmkəndlisini güllələyib.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə gecə saat 01.30 radələrində rayonun Qaraqaşlı kəndində baş verib.

 

Qaraqaşlı kənd sakini, 1984-cü il təvəllüdlü Amil Abdulalı oğlu Axundov 1971-ci il təvəllüdlü həmkəndlisi Züriyyət Baba oğlu Əsgərovu şəxsi münaqişə zəminində ov tüfəngi ilə güllələyib. Sonuncu aldığı güllə yarasından Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilərək əməliyyat olunub. Sol döş qəfəsi və dirsəyindən ağır yaralanan Z.Əsgərovun vəziyyətini həkimlər ağır qiymətləndirir.

 

Zərərçəkənin bacısının dediyinə görə, hadisəyə səbəb Amilin evində kirayənişin kimi yaşayan Züriyyətin elektrik enerjisinin istifadəsinə görə yaranmış 200 manat borcu ödəməməsi olub. Amil Axundov həbs edilib.

 

Faktla bağlı Neftçala rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv