Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qaxda vətəndaşları qəbul etdi

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov iyulun 31-də Qaxda vətəndaşları qəbul edib.


APA TV-nin  məlumatına görə, nazir Qax şəhərindəki Heydər Əliyev Mərkəzində Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarının sakinlərini, habelə, həmin şəhər və rayonlarda müvəqqəti məskunlaşan məcburi köçkünləri qəbul edərək, onların müraciətlərinə baxıb.

 

Nazirliyin müvafiq struktur rəhbərlərinin, rayonların fövqəladə hallar komissiyaları sədrlərinin iştirakı ilə keçirilən qəbul zamanı edilən müraciətlərin əksəriyyəti işə qəbul, qəzalı vəziyyətdəki evlərin təmiri və digər məsələlərlə bağlı olub. Nazir, nazir müavinləri və struktur rəhbərləri tərəfindən vətəndaşların müraciəti dinlənilib, onların bir qismi yerində həllini tapıb.

 

Kəmaləddin Heydərov vətəndaşların qaldırdıqları məsələlərin qanunauyğun və operativ həll edilməsi üçün əlaqədar qurumların rəhbərlərinə müvafiq göstərişlər verib.

Müəllif | Apa.Tv
Apa.tv