Şirvan sakini yeznəsini bıçaqladı, ölkədən qaçmaq istəyərkən tutuldu

Şirvanda qayın yeznəsini kredit üstündə bıçaqlayıb.

 

APA TV-nin Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə iyulun 30-da axşam saat 23:30 radələrində Şirvan şəhəri M.Əzizbəyov küçəsi 21 ünvanında yerləşən fərdi yaşayış evində baş verib.

 

Hacıqabul rayon sakini, 1978-ci il təvəllüdlü Elşən Əlizadə oğlu Bağıyev yeznəsi 1979-cu il təvəllüdlü Fizuli Vilayət oğlu Cəfərovu öz evində bıçaqlayıb. Daxilə keçən və ağ ciyəri zədələyən bıçaq zərbəsi alan yaralı Şirvan şəhər Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib və əməliyyat olunub.

 

Bıçaqlanan Fizuli Cəfərov hərbiçi olub və 2-ci qrup əlillik dərəcəsi ilə təqaüdə çıxıb. Onun qardaşı Nizami Cəfərov APA TV-nin Mil-Muğan bürosuna bildirib ki, hadisə qohumlar arasında bankdan götürülən kredit üstündə olub. Belə ki, həbsdə olan oğlu Elşən Bağıyevi azadlıqa buraxdırmaq üçün qayınatası Əlizadə Bağıyev kürəkənindən bankdan 5 min manat kredit götürməyi xahiş edib. Fizuli Cəfərov bankdan 5 min krediti öz adına götürüb və qayınatasına verib. Qayınata kredit borcunun 7 ayını ödəsə də, sonradan borcun ödənilməsi dayandırılıb. Nəticədə bank krediti Fizuli Cəfərovun təqaüdündən tutub. Fizuli Cəfərov qohumlarından kreditin ödənilməsini tələb edib.

 

Axşam radələrində Fizuli Cəfərovun evinə gələn qayınata, qayınana və qayın krediti ödəməyəcəklərini bildiriblər. Yaranmış mübahisə nəticəsində əvvəllər məhkum olunmuş Elşən Bağiyev yeznəsini atası və anasının təhriki ilə bıçaqlayıb. Daha sonra onlar hadisə yerindən qaçıblar.

 

Bu gün səhər saatlarında Elşən Bağıyev dövlət sərhədini keçmək istəyərkən Yalama sərhəd-keçid məntəqəsində saxlanılaraq hüquq-mühafizə orqanlarına təhvil verilib.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv