Jurnalistika fakültəsində təhsil almaq istəyənlər qabiliyyət imtahanı verdilər - REPORTAJ
Sakit! İmtahan gedir! Bu gün imtahan verən gənclər gələcəyin jurnalistləridir. Onlar jurnalistika fakültəsində təhsil almaq üçün qabiliyyət imtahanı verirlər.
III ixtisas qrupu üzrə keçirilən test imtahanında tələb olunan müsabiqə şərtini ödəyərək ikinci mərhələyə buraxılan 341 abituriyent qabiliyyət imtahanında iştirak edib. Saat 11:00-da başlayan imtahanda tələbələrə üç mövzu təklif olunub: "Mən fəxr edirəm ki, azərbaycanlıyam (Heydər Əliyev)", "İnsanların mənfi və müsbət xüsusiyyətləri hansılardır", "Gənclərin qocalara öyrədə biləcəkləri heç nə yoxdur" fikri ilə bağlı razı olduğunuz və olmadığınız məqamları yazın. Fikirlərinizi əsaslandırın".
Bu ixtisasa yiyələnmək üçün 496 nəfər qeydiyyatdan keçib. İmtahana buraxılan 341 nəfərdən 235-i oğlan, 86 nəfəri qızdır. 317 abituriyent Azərbaycan, 24 abituriyent isə rus bölməsi üzrə imtahan verib.
İmtahan rəhbəri Emin Məmmədov: "Abituriyentlər yazı işini yerinə yetirərkən yazı işi anlaşıqlı olmalı, mövzunu əhatə etməli, ədəbi dil normalarına riayət olunmalıdır. Cümlələr arasında məntiqi əlaqə, rabitə gözlənilməlidir".
İmtahan prosesini Mətbuat Şurasının sədri Əflatun Amaşov və Şuranın İdarə Heyətinin üzvləri izləyiblər.
Mətbuat Şurasının sədri Əflatun Amaşov: "Jurnalistika fakültəsində təhsil alan insanların bir çoxu təsadüfən jurnalistika fakültəsinə düşmüş tələbələrdir. Bu məsələ bizi narahat edirdi. Məqsədimiz ondan ibarətdir ki, jurnalist olmaq istəyənlər qabiliyyət imtahanı da versinlər".
Əflatun Amaşov deyir ki, gələcəkdə jurnalistlər arasında bu ixtisası bitirənlərə daha çox yer veriləcək: "Bizim üçün say önəmli deyil. Bizim üçün əsas keyfiyyətdir. Əgər doğrudan da jurnalistika fakültəsində 50 nəfər oxuyacaqsa, onlardan bir neçə nəfər jurnalist çıxacaqsa, bu yaxşıdır? Yoxsa 15 nəfərin içindən 10 nəfəri jurnalistika üçün faydalı olacaq. Hansı yaxşıdır? Biz belə hesab edirik ki, ikinci daha yaxşıdır".
Abituriyentlər arasında imtahana bir saat gecikənlər də oldu. Test imtahanlarından 499 bal toplayan abituriyentlərdən biri şəxsiyyət vəsiqəsini itirib gec tapdığı üçün imtahana vaxtından bir saat sonra gəlsə də, ona güzəşt olunaraq imtahanda iştirak etməsinə icazə verildi. İmtahanın 2 saat 30 dəqiqə davam etməsinə baxmayaraq, zalı tez tərk edən abituriyentlər də var idi.
Abituriyent İlkin Qayıbov: "TQDK imtahanında 471 bal toplamışdım. Azərbaycançılıq mövqeyindən yanaşdım. "Mən fəxr edirəm ki, azərbaycanlıyam" inşasını yazdım. Mövzular çox rahat idi. Bir az dünyagörüşü olan şəxs rahat yaza bilərdi".
Abituriyent Əsmət Rzazadə: "448 bal toplamışdım. İndi də qabiliyyət imtahanı verdim. Çox maraqlı keçdi, yaxşı idi. "İnsanın yaxşı və pis xüsusiyyətləri" mövzusunu yazdım. Maraqlı idi, yazdım".
Abituriyent Fidan Əkbərli: "İmtahan sərbəst keçdi. Mən özüm inşa yazmağa meylliyəm. Mövzum da "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam". Çox rahat oldu mənə. Fikirlərimi rahat ifadə etdiyimi düşünürəm. Qabiliyyət imtahanı ilə keçirilməsi çox yaxşıdır. Çünki ancaq jurnalist olmaq istəyənlər gəlir".
Qeyd edək ki, 2014-cü ildən etibarən Azərbaycanda jurnalistika fakültəsində təhsil almaq üçün tələbələr test imtahanları ilə bərabər, qabiliyyət imtahanında da iştirak edirlər.