Şəhid Eldar Fətəliyevin medalı ailəsinə təqdim olundu
Gədəbəydə düşmənin təxribatının qarşısı alınarkən şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Eldar Səxavət oğlu Fətəliyevin təltif edildiyi “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı bu gün ailəsinə təqdim edilib.
APA TV-nin qərb bürosunun məlumatına görə, medalın təqdimat mərasimi şəhidin doğulub boya-başa çatdığı Novo-İvanovka kəndində yerləşən evində təşkil olunub.
Tədbirdə Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Abdulla Qurbani, Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov, şəhidin xidmət etdiyi hərbi hissənin komandiri və ictimaiyyət nümayəndələri iştirak edib.
Medal şəhidin atası Səxavət Fətəliyevə təqdim olunub. O, oğlunun vətən uğrunda şəhid olmasından qürur duyduğunu deyib, ailəsinə göstərilən diqqətə görə təşəkkürünü bildirib.
Ramiz Yediyarov deyib ki, Gədəbəy Qarabağ müharibəsində 188-ci şəhid verib.
Daha sonra şəhidin məzarı ziyarət olunub.
Qeyd edək ki, Eldar Fətəliyev bu il iyulun 24-də ermənilər Goranboy, Tərtər, Ağdam, Füzuli rayonları istiqamətində, o cümlədən Ermənistan-Azərbaycan dövlət sərhədinin Gədəbəy rayonu sahəsində Azərbaycan Ordusunun mövqelərini müxtəlif silahlardan intensiv atəşə tutmaqla aktiv təxribat fəaliyyətləri keçirməyə cəhd göstəriblər. Düşmən cavab atəşi ilə susdurulub, hərəkət cəhdlərinin qarşısı qətiyyətlə alınıb və ən azı 5 nəfər itki verməklə geri çəkilməyə məcbur edilib. Düşmənin qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Fətəliyev Eldar Səxavət oğlu şəhid olub.