Ağdaşda “Azərbaycanda Koreya Kinosu Festivalı”nın açılış mərasimi keçirildi

Ağdaş rayonunda  “Azərbaycanda Koreya Kinosu Festivalı”nın açılış mərasimi olub.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, iyulun 31-dən avqustun 6-dək davam edəcək festival Azərbaycan Mədəniyyət Fondu, Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası (SEBA), Koreya Fondu və Koreyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə baş tutub.

 

Festivalda Koreyanın tarixi, mədəniyyəti, coğrafi mövqeyi və adət-ənənələrindən bəhs edən 10 film nümayiş olunacaq.

 

Festival iştirakçıları əvvəlcə Heydər Əliyevin Ağdaş şəhərindəki abidəsi önünə tər gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər. Sonra Ağdaş Rayon İcra Hakimiyyətində təşkil olunan görüşdə qonaqlara Ağdaşın tarixi, əhalisi və iqtisadi potensialı barədə məlumat verilib.

 

Heydər Əliyev Mərkəzində keçirilən festivalın açılış mərasimində SEBA-nın prezidenti Ruhəngiz Heydərova “Azərbaycanda Koreya Kinosu Festivalı”nın əhəmiyyətindən söz açıb. O, bu layihənin yüksək səviyyədə reallaşmasına görə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya minnətdarlığını bildirib. Məlumat verib ki, festival çərçivəsində bu günədək Gəncə, Lənkəran və Sumqayıtda Koreya filmləri nümayiş etdirilib. Avqustun 7-dən 15-nə kimi isə Qəbələ rayon sakinləri bu filmlərə baxmaq imkanı qazanacaqlar.

 

Koreyanın Azərbaycandakı Səfiri Coi Suk İn çıxışında hər iki ölkənin milli mənəvi dəyərlərindən danışıb. Səfir son illər Azərbaycan və Koreya münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini xüsusi vurğulayıb. Festival çərçivəsində nümayiş olunacaq filmlərin Azərbaycan tamaşaçısında Koreya barədə daha dolğun təsəvvür yaradacağına inandığını diqqətə çatdırıb.

 

Sonra 116 dəqiqəlik “Nizamlı adam” filmi nümayiş etdirilib.

Müəllif | Apa.Tv
Elvin Yaqubov