Samuxda "VAZ-2106" körpüdən aşdı: 11 sərnişindən 5-i öldü
Samux rayonu ərazisində 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nın Gəncə bürosunun məlumatına görə, "VAZ-2106" markalı 51 BE 826 dövlət nömrə nişanlı avtomobil Gəncə çayının üzərindəki körpüdən aşıb.
Avtomobildə olan 11 nəfərdən 3-ü hadisə yerində ölüb, digərləri xəsarət alıb. Onlardan 1 azyaşlı Gəncə şəhər Uşaq Xəstəxanasına yerləşdirilib, 7 nəfər isə Gəncə Təcili Tibbi Yardım Stansiyasına çatdırılıb. Xəstəxanaya yerləşdirilən iki nəfər orada keçinib.
Artıq ölən və yaralanan şəxslərin kimliyi müəyyənləşib:
Ölən şəxslər bunlardır:
Zöhrab Məmmədov (sürücü)
Maral İsmayılova
Hicran İsmayılova
Kafya İsmayılova
Məleykə Həsənova (azyaşlı)
Bundan başqa, Fatimə Məmmədova (3 yaş), Namilə İsmayılova, Rəqsanə Məmmədova, Zöhrə Məmmədova ağır, Sənan Hüseynov (10 yaş), Yusif Verdiyev (2 yaş) isə yüngül bədən xəsarətləri alıblar.
Ölən və yaralananların bir ailənin üzvü olduqları, yaxınlarının yas mərasimindən qayıtdıqları bildirilir.
Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.
Qeyd edək ki, hazırda Gəncə çayının suyu quruyub.