Lənkəranda gənc sərhədçilərin andiçmə mərasimi keçirildi
İyulun 31-də Dövlət Sərhəd Xidmətinin (DSX) Lənkəran sərhəd dəstəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
APA TV-nin cənub bürosunun məlumatına görə, gənc əsgərlər hərbi anda gətirildikdən sonra DSX-nin rəisi, Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb.
Mərasimdə çıxış edənlər yaradıcısı müstəqil dövlətimizin banisi, ümummilli lider Heydər Əliyev olan və 13-cü ildönümü qeyd edilən DSX-nin sıralarına qatılmaları münasibətilə gənc əsgərləri və onların valideynlərini təbrik ediblər.
Çıxışlarda milli sərhəd strategiyasının təməlini qoyan Heydər Əliyevin dövlət sərhədlərimizin qorunmasına xüsusi diqqət yetirərək DSX-nin yaradılması barədə tarixi qərarının ölkəmizin sərhəd mühafizəsi tarixində yeni mərhələnin olduğu, Silahlı Qüvvələrin Ali Baş Komandanı, prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırıldığı, dövlət sərhədlərimizin toxunulmazlığının təmin olunması istiqamətində davamlı inkişafa nail olunduğu xüsusi qeyd edilib.
Çıxış edənlər Vətənə, dövlətə sədaqət andı içərək, müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərlərinə götürən gənc əsgərlərə uğurlar arzulayıb, onlar üçün yaradılmış ideal şəraitdən bəhrələnərək, xidmətdə yüksək nəticələrə nail olacaqlarına və hərbi anda sadiq qalacaqlarına əminliklərini ifadə ediblər.
Mərasimdə gənc əsgərlərin valideynləri çıxış edərək, yaradılmış şəraitə görə ölkə başçısına minnətdarlıqlarını bildirməklə, öz övladlarına Vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə ediblər.
Tədbir gənc əsgərlərin tribuna önündən təntənəli marşla keçidi ilə başa çatıb.