Apteklərdə dərman reseptlərinə nəzarət gücləndirilir
Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dərman sahəsində dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə əlaqədar Səhiyyə Nazirliyində müşavirə keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib ki, ölkə başçısının tapşırığının icrası ilə bağlı Səhiyyə Nazirliyinin də təmsil olunduğu Tarif Şurası tərəfindən artıq bir sıra dərmanların qiymətinin tənzimlənməsi barədə qərar qəbul edilib. Nəticədə dərmanların qiyməti nəzərəçarpacaq dərəcədə aşağı salınıb. Sentyabrın 15-dən bu qərarın tətbiqinə başlanacaq.
Nazir müavini əlavə edib ki, dərman preparatlarının qiymətinin tənzimlənərək aşağı salınması dövlət müəssisələri tərəfindən də bu preparatların alışına müsbət təsir göstərməklə əhaliyə pulsuz təqdim edilən dərmanların çeşidinin artımına, bu siyahıya daha keyfiyyətli və effektiv dərman preparatlarının daxil olunmasına şərait yaradacaq. Bu isə öz növbəsində əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılmasına müsbət təsir edəcək.
Bundan başqa, müşavirədə qeyd olunub ki, Səhiyyə Nazirliyində müvafiq əmrlə bu sahə üzrə geniş məsələləri əhatə edən “Dərman vasitələri ilə təchizatın yaxşılaşdırılması və əczaçılıq fəaliyyəti sahəsində nəzarətin gücləndirilməsi üzrə Tədbirlər Planı” təsdiq edilib. Tədbirlər planına uyğun olaraq Analitik Ekspertiza Mərkəzinə apteklərə daxil olan həkim reseptlərinə nəzarətin təmin edilməsi, standart formaya uyğun olmayan reseptlər üzrə dərmanların satışının qadağan edilməsi tapşırılır. Tədbirlər planında tibb müəssisələrinin dərman təchizatı məsələləri yer alıb və bu sahədə görüləcək işlər öz əksini tapıb. Sənəd tibb müəssisələrində xəstələrə pulsuz təqdim olunan dərman preparatları ilə təminat üzərində nəzarətin gücləndirilməsinə xidmət edəcək.