“Qəbələ” futbol klubu Kiprdəki qalmaqalla bağlı bəyanat yaydı
“Qəbələ” futbol klubu Avropa Liqasının III təsnifat mərhələsində Kiprin “Apollon” komandası ilə matçda baş vermiş qalmaqalla bağlı bəyanat yayıb.
APA TV-nin məlumatına görə, bəyanatda deyilir ki, Kiprin Larnaka şəhər stadionunda keçirilmiş “Apollon” - “Qəbələ” (1:1) oyununda baş verən hadisələr dərin təəssüf hissi doğurub.
Klub futbol ictimaiyyətinin diqqətinə çatdırır ki, oyundan öncə həm rəqib klubun rəhbərliyinə, həm də UEFA nümayəndəsinə xoşagəlməz halların baş verməməsi üçün tədbir görülməsinin vacibliyi bildirilib. Eyni zamanda daha öncə klub və milli komandalar səviyyəsində Kiprdə keçirilmiş oyunlarda yaşanmış qalmaqallar hər iki tərəfin nəzərinə çatdırılıb.
Xatırladaq ki, komandanın kapitanı Cavid Hüseynov 2006-cı ildə 19 yaşlılardan ibarət Azərbaycan-Ermənistan milli komandalarının oyununda da kiprli azarkeşlərin fiziki təzyiqinə məruz qalmışdı.
Bəyanatda bildirilir ki, keçmişdə baş vermiş bənzər hadisələr bu oyunda da yaşanıb: “Rəqib komandanın azarkeşləri ölkəmizin bayrağının yandırılmasına cəhd etsələr də, dərhal UEFA nümayəndəsi və “Apollon” klubunun rəhbərliyinə etiraz bildirilib və məsələyə müdaxilə etmələri tələb olunub. Bu tələbimizdən sonra qarşı tərəf bayrağımızın yandırılmasının qarşısını alıb. Bununla belə, bütün xəbərdarlıqlarımıza baxmayaraq, tribunalarda xoşagəlməz hadisələr davam edib. “Apollon” azarkeşləri ölkəmizin atributlarını təhqir etməkdən çəkinməyiblər".
Bəyanatda deyilir ki, daim rəqibə, hakimlərə, azarkeşlərə hörmət prinsipini əsas tutan “Qəbələ” klubu idman meydanlarında bu cür hadisələrin baş verməsinə qarşıdır. Bu səbəbdən klub 6 avqust 2015 tarixində keçiriləcək cavab oyununda azarkeşlərimizi təxribatlara uymamağa və yalnız komandanı dəstəkləməyə çağırır.