Prezidentin qəbulu zəlzələ anında
Prezident İlham Əliyev sentyabrın 9-da MDB Sərhəd Qoşunları Komandanlar Şurasının 70-ci iclasının nümayəndələrini qəbul edib. Dövlət başçısı deyib ki, Azərbaycan MDB çərçivəsində əksər formatlarda fəal iştirak edir. Prezidentin sözlərinə görə, rəsmi Bakı bu təşkilatda iştiraka böyük əhəmiyyət verir. MDB ölkələrində daxili proseslərin inkişafının müsbət dinamikası mövcud olsa da, kənardan təhlükələr də var: "Əlbəttə ki, istənilən ölkənin təhlükəsizliyi, o cümlədən onun sərhədlərinin təhlükəsizliyi ilə də təmin olunur. Həmin sərhədlər nə qədər etibarlı qorunsa, o qədər də vətəndaşlarımız sülh və əmin-amanlıq şəraitində yaşayacaqlar. Buna görə də biz əlbəttə ki, Azərbaycanda sərhəd xidmətinin inkişafına böyük diqqət yetirmişik və yetirəcəyik".
Qeyd edək ki, Prezidentin qəbulu Xəzərin Azərbaycan sektorunda zəlzələ baş verdiyi ana təsadüf edib. Təkanlar iclasın keçirildiyi zalda da hiss olunub.
Prezident İlham Əliyev hadisəni sakit qarşılasa da, qonaqlar arasında zəlzələdən narahatlıq keçirənlər olub. Dövlət başçısı "Güman ki, haradasa dənizdə azacıq təkanlar olub. Düşünürəm ki, bu, bizim diqqətimizi işdən yayındırmamalıdır. Hərdən olur" deyərək, söhbəti davam etdirir.