İsrail əsgərləri 3 fələstinlini öldürdü: Netanyahu Mahmud Abbasa zəng etdi

Fələstində milli münaqişə zəminində faciəli şəkildə ölən yaş yarımlıq körpənin dəfn mərasimi keçirilib.

 

APA TV-nin "Euronews"a istinadən məlumatına görə, İordan çayının qərb sahilində yerləşən Duma kəndində bir ailənin yaşadığı evə od vurulub. Həmin vaxt valideynlər və onların iki azyaşlı uşağı evdə olub. Nəticədə ailə başçıları və dörd yaşlı oğlan uşağı ağır xəsarətlər alıb, körpə isə diri-diri yanıb.


Körpənin cənazə mərasiminə minlərlə insan gəlib. Şahidlər bildirir ki, faciə yaşayan ailənin evinə "Molotov kokteylləri" atılıb. Evi yandıran şəxslər 4 nəfər olub, daha sonra onlar hadisə yerindən uzaqlaşıblar.

 

"Bu hərbi cinayətdir və insanlığa qarşı yönəlib. Biz sakit oturmayacağıq. İsrail ərazilərimizin işğalına son verməlidir. Baş verən hadisələrlə bağlı ən yüksək instansiyalara təqdim etmək üçün sənədlər hazırlayırıq. Bu sənədləri Beynəlxalq cinayət Məhkəməsinə göndərəcəyik və bizə heç kəs mane ola bilməz" - deyə Fələstin lideri Mahmud Abbas bildirib.


Dəhşətli hadisə ilə bağlı İsrailin baş naziri Benyamin Netanyahu Mahmud Abbasa zəng edib. Bu İsrail hökumət başçısı ilə Fələstin lideri arasında il ərzində baş tutan ikinci telefon danışığıdır. Netanyahu Mahmud Abbası belə hallara qarşı birgə fəaliyyət aparmağa dəvət edib. İsrail hökumətinin rəsmisi Mark Reqev baş verənlərə münasibət açıqlayıb: "Biz bu vəhşiliyi qınayırıq. Bu insanlıqdan kənar bir hərəkətdir. Bu cür vəhşiliklərə qarşı mübarizəni sərtləşdirəcəyik. Cinayəti törədənlər ən ağır cəza alacaqlar". 


Bu arada İordan çayının qərb sahilində İsrail hərbçiləri fələstinli yeniyetməni güllələyiblər. Hərbçilərlə bir qrup sakin arasında qarşıdurma yaşanıb. Lait Khaldi adlı 14 yaşlı oğlan sinəsindən yara alıb və çatdırıldığı xəstəxanada keçinib. İsrail hərbi komandanlığından bildirilib ki, o, hərbçilərə içi maye dolu olan şüşə qablar atıb.

 

Xatırladaq ki, ötən həftə hərbçilər Qəzza sektorunda Muhamməd Əl-Masri adlı 17 yaşlı yeniyetməni güllələyiblər.

Müəllif | Apa.Tv
Apa.tv