TİKA yeni sertifikatlarını təqdim etdi

Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi Başkanlığınca (TİKA) müxtəlif sahələrdə təşkil edilən kursları tamamlayan 197 nəfərə sertifikat verilməsi mərasimi keçirilib.

 

APA TV-nin xəbərinə görə, mərasimə TİKA-nın sədri Sərdar Çam, qurumun Bakı koordinatoru Mustafa Haşim Polat, millət vəkilləri qatılıb.

 

Sərdar Çam çıxış edərək təşkilatın fəaliyyəti və təhsil proqramları ilə bağlı məlumat verib. Bildirib ki, bir çox  inkişaf etmiş layihələri Azərbaycanda icra ediblər: "Bu təlimlərin çox faydalı olduğunu düşünürəm. Bu il minə yaxın sertifikat verilib. Bu gün isə 197 sertifikat veriləcək. Bu, bizim bir daha sıx bağlı olduğumuzu göstərir. Gələcəyə doğru güclü addımlarla irəliləyən iki güclü dövlət etibarlı, uğurlu çalışan iki ayrı dövlət, amma eyni mərkəzin insanları olaraq hərəkət etməyin qürurunu yaşayırıq".

 

TİKA-nın Bakı bürosunun rəhbəri Mustafa Haşim Polat paylaşmağın bir mədəniyyət olduğunu deyərək, bilgi və təcrübələrini Azərbaycanla paylaşmaqdan məmnun olduqlarını vurğulayıb: "Ümid edirik ki, burada alınan sertifikatlar, daha yeni proqramlara vəsilə olar. Hər bir sertifikat alan dostumuz təcrübəsini paylaşar. Azərbaycanı bizim dünyadakı digər coğrafi bölgələrdə yükümüzü paylaşacaq qardaş olaraq yanımızda görürük. Bəzi yerlərdə birlikdə başladıq. Tanzaniyada Azərbaycan-Türkiyə işbirliyi olduğu kimi, Afrikada katarakta əməliyyatları edən zaman Türkiyə həkimlərinə azərbaycanlı oftalmoloqlar yardım etdi".

 

Çıxışlardan sonra ebru sənətçisi Əhməd Hikmət Barutçugil performans göstərib. TİKA sədri Sərdar Çama Azərbaycanlı ebru sənətçisi və xəttat Zaur Orucovun Azərbaycan və Türkiyə bayraqlarını əks etdirən ebru tablosu hədiyyə edilib.

 

Müəllif | Apa.Tv
Apa.tv