Qaxda sərnişin qatarı avtomobili əzib, yaralananlar var
Balakən-Bakı sərnişin qatarı avtomobili vurub. Qəza nəticəsində bir ailənin üç üzvü xəsarət alıb. APA TV-nin məlumatına görə, hadisə Balakən-Yevlax dəmir yol xəttinin Qax rayonu ərazisindən keçən hissəsində baş verib. Zaqatala rayon sakini, 37 yaşlı Siyavuş Mustafayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə hərəkətdə olarkən dəmir yol xəttinin qorunmayan hissəsini gözləmədən keçib. Bu zaman xətt üzrə hərəkət edən Balakən-Bakı qatarı maşını zərblə vurub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan avtomobilin sürücüsü Siyavuş Mustafayev, onun həyat yoldaşı 34 yaşlı Aygül Mustafayeva və 12 yaşlı övladları İlkin Mustafayev Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Faktla bağlı Yevlax Xətt Polis Şöbəsində araşdırma aparılır.