Bakıdan 200 şagird "Şahinlər" yay istirahət düşərgəsinə yola salınıb

Yeniyetmə və gənclərin yay istirahətini səmərəli və yaddaqalan təşkil etmək üçün Səbail rayon İcra Hakimiyyəti 10-cu dəfə "Şahinlər" yay istirahət düşərgəsini təşkil edib. "Sahil bağı"nda təşkil olunan yolasalma mərasimində çıxış edən rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov yeniyetmə və gənclərin sağlam böyüməsi, gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində görülən işlərdən danışıb.

 

"Orada qabaqcadan sizin yataq məsələləriniz, gündə 4 dəfə sağlam qidalanmağınız üçün bütün məsələlər həll olunub. Tibbi personal, orada hərbi  dərslərin keçirilməsi məsələsi, məktəb prinsiplərinə uyğun olaraq öz həllini tapıb".

 

Qubanın mənzərələri yerində yaradılmış hərbi vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsinə Qarabağ müharibəsi əlilləri və veteranlarının, aztəminatlı və imkansız ailələrin uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər, həmçinin “SOS-Azərbaycan” uşaq kəndində tərbiyə alan, ümumilikdə 250-dən çox nəfər yeniyetmə göndərilib.

 

Yeniyetmələrin hərbi-vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi istiqamətində növbəti belə tədbir avqustun 18-dən Müdafiə Nazirliyi ilə birgə Qusar rayonunda da təşkil olunacaq.

 

"Mən bu gün nəvəm Vaqifi yola salıram. Onun 9 yaşı var. Birinci dəfədir ki, gedir. Mən oradakı şəraitlə maraqlandım, valideynlər çox təriflədilər. Düşündüm ki, mənim də uşağım getsə dünya görüşü, hərbiyə marağı daha da artar".

 

"Hər il olduğu kimi bu il də müharibə veteranlarının uşaqlarını düşərgəyə yola salırlar. Təşəkkür edirəm ki, onları yaddan çıxarmırlar".

 

Uşaqlar Daxili Qoşunların orkestrinin marş sədaları altında valideynləri ilə görüşüb Qubaya yola düşüblər. Yola düşməzdən əvvəl gənc “Şahinlər” Heydər Əliyevin abidəsini ziyarət ediblər. 

Müəllif | Apa.Tv