Kosmetoloqa müraciət edən kişiər - XÜSUSİ REPORTAJ

"Kişi gözəlliyi, qadın gözəlliyindən çox fərqlənir. Bura sadəcə davranış və xasiyyət deyil, xarici görkəm  daxildir". APA TV-nin məlumatına görə, bu fikirləri həkim kosmetoloq Nura Əzizi deyib. Onun sözlərinə görə, bu gün kosmetoloqlara müraciət edən kişilərin sayı əvvəlki illərə nisbətən daha çoxdur.

 

"Bu gün kosmetoloqa müraciət edən kişilərin sayı artıb. Son üç il ərzində bəzən elə olur ki, bu  müraciətlərin sayında qadınların və kişilərin sayı hətta bərabərləşir. Kişilər daha çox müxtəlif dəri problemləri, estetik müdaxilələrlə bağlı müraciət edir. Bəzi kişilər daha baxımlı olmaq üçün qırışların korreksiyası, gənclər isə iltihabi-dəri problemləri ilə bağlı daha çox müraciət edirlər. Bundan başqa kişilərdən epilyasiya ilə bağlı da müraciətlər olur. Daha yaraşıqlı görünmək üçün artıq tüklərdən azad olunmaq istəyənlərin sayı artır. Bunun heç bir əks göstərişi yoxdur. Dəri müayinə olunmadan heç bir epilyasiyadan söhbət gedə bilməz".

 

Nura Əzizi kişilərin üzlərinə qadınlara nisbətən daha az qulluq etdiyini deyir. Üzünün dərisi nazik və zərif olan kişilər üzünü qırxandan sonra sabun və ya suyun təsirindən dərinin dartıldığını hiss edirlər. Belə olduqda təraşdan sonra üz üçün nəzərdə tutulan gellərdən istifadə olunmalıdır.

 

Bəs üzlərini yuyandan sonra sifəti dartınan, qabıq verən, ləkə verən kişilər nə etməlidir? Mütəxəssis hesab edir ki, onların quru üz üçün olan kremlərdən istifadə etmələri məsləhətdir. Üzdə görünməsin və az parıldasın deyə, kremi yaş üzə çəkmək lazımdır. Üzünüz qurudursa, sabunla yuyunmayın, üz qırxmaq üçün nəzərdə tutulan sabun kremdən istifadə edin. Çünki sabun-krem üzü təmizləyir və yumşaldır.

 

"Kişilər daha çox üz dərilərinə fikir verməlidir. Çünki onlar günaşırı üzlərini təraş edirlər. Bundan sonra mütləq dəri tipinə uyğun nəmləndirici kremlərdən istifadə olunmalıdır. Bu zaman dərinin yağlılığı mütləq nəzərə alınmalı, istifadə olunan kosmetik məhsulların tərkibi bilinməlidir. Quru dəriyə sahib olan kişilər tərkibində A, E vitaminləri olan krem və toniklərdən istifadə edə bilərlər.

 

Həkim dermatoloq Sabit  Məmmədov hesab edir ki, dəriyə qulluq  ilin bütün fəsillərində aktualdır. Fəsil dəyişməsi zamanı dəriyə qulluq məsələsinə daha həssas yanaşmaq lazımdır. Çünki bu zaman daha çox xroniki dəri xəstəliklərində aktivləşmə baş verir. Ekzema, neyrodermit və gün şüasının törətdiyi dəri xəstəlikləri  yaz-yay aylarında çoxalır. Bu gün daha çox dəri xəstəlikləri ilə bağlı fotodermatozlar, dəridə olan çəhrayı sızanaqlar, ləkələr, melazmalarla bağlı müraciətlər olur deyən Sabit Məmmədovun sözlərinə görə, ləkə problemi dermotologiyada dah çox aktiv məsələdir.  Demək olar ki, isti aylarda daha çox bununla bağlı müraciətlər olur.

 

"Ümumiyyətlə dəri xəstəliklərinin statistikasına nəzər yetirsək görərik ki, bu xəstəliklərdən qadınlar və kişilər eyni səviyyədə əziyyət çəkir. Dəridə olan ləkələrlə bağlı daha çox qadınlar müraciət edir.  O ki qaldı kişilərə, qeyd edə bilərəm ki, onlar daha çox ekzemadan, neyrodermitlərdən , sinir sistemi problemlərindən yaranan dəri xəstəliklərindən  əziyyət çəkirlər. Çünki stress daha çox xəstəliyə yol açdığı kimi, dəri xəstəliyinə də yol açan mühüm əlamətlərdən sayılır".

 

Sabit Məmədov kişilərin  qadınlara nisbətən daha çox tərlədiyinə diqqət çəkib. O, əlavə edib ki, onlar daha çox yuyunmalı, pis qoxu gəlməməsi üçün özlərinə daha çox qulluq etməlidirlər.  Bundan başqa kişilər ayda 1-2 dəfə bərbərxanaya gedib saçlarını vurdurmalı, dırnaqlarını qısa və təmiz saxlamalıdırlar. Üzünün dərisi çox həssas və tükləri sıx olanlar üzü qırxmamışdan əvvəl isti kompres etməlidir. Həkim dəridə yaranan ən xırda problemlərdən yayınmamağı məsləhət görür.

 

"Bu gün xəstəliyə yanaşma fərqlidir. Məsələn bizdə elə dəri dəstəlikləri var ki, onun müalicəsi üçün kişilər həkimə müraciət etməyə o qədər də əhəmiyyət vermir. Çünki bu, insanın psixoloji tipindən, vəziyyətdən, şəraitdən , imkandan və vaxtdan asılıdır. Elə dəri xəstəliyi var ki, onlar kişilər üçün aktuallıq kəsb etmir. İnsanın tərbiyəsindən tutmuş onu əhatə edən mühitdə burda böyük rol oynayır.  Xarici görünüş çox vacib amillərdən biridir. İnsanın dərisi də onun güzgüsüdür. Üzün gözəl görünməsi, insanın baxımlı olması bir mədəniyyətdir. Bunun üçün dəri tam sağlam olmalıdır”.

 

Sabit Məmmədovun sözlərinə görə, siqaret tüstüsü kollaqeni məhv edən enzimlərin sayını artırır. Bu, dərinin quruluşunu dəyişir və qırışların yaranmasını tezləşdirir. Siqaret çəkmək özü də dəriyə qan axınını zəiflədir, dəri oksigen çatışmazlığı hiss edir və solur, cansız olur, bürüşüklük yaranır.

 

Günəş şüalarının təsirindən qorunmağı məsləhət görən həkim deyir ki, qırışların yaranmasının əsas səbəbi günəşdir. Özünüzü günəşin birbaşa şüalarından müdafiə edin.
 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı