Bakı-Sumqayıt dəmiryolu xətti boyunca bəzi tikililər sökülə bilər - AÇIQLAMA
Bakı-Sumqayıt xətti üzrə sərnişin qatarı sentyabrın 15-ə kimi xəttə buraxılmalıdır. Bu barədə Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatdırılacaq ilk konteyner qatarının qarşılanma mərasimində “Azərbaycan Dəmir Yolları” QSC-nin rəisi Cavid Qurbanov deyib. Cavid Qurbanov bildirib ki, Bakı-Sumqayıt dəmir yolu boyunca xeyli sayda qanunsuz tikililər var.
“Yaxın zamanlarda onları təmizləmək lazımdır. Çalışırıq həmin tikililərin qeydiyyatını aparaq. Çox tikililərin qeydiyyatı yoxdur. Onlar barədə məlumatlar kadastr xidmətinə, Maliyyə Nazirliyinə təqdim olunur. Bu qurumlar isə təkliflər hazırlayaraq hökumətə təqdim edirlər. Hökumət problemin həll olunması üçün vəsait ayırmalıdır. Yoxsa sökməklə düz gəlmir. Hökumət kompensasiya ayırırsa, bu tikililərə görə pullar verilir və qanunsuz tikililər sökülür”.
Cavid Qurbanov yolun sürət həddinə də münasibət bildirib. Onun sözlərinə görə, sürət həddinin yüksək olmasına mane olacaq bəzi yerlərdə əyriliklər var: “Orta sürət 80-100 olmalıdır ki, sərnişinlər 40 dəqiqə ərzində Sumqayıtdan Bakının mərkəzinə çata bilsinlər. “Stadler”dən aldığımız 5 qatardan başqa, Riqadan 5 dənə də əlavə təmir olunmuş qatarlar almışıq”.
Xatırladaq ki, bu gün Azərbaycan, Qazaxıstan, Gürcüstan, Türkiyə və Çin dəmir yolu qurumlarının birgə təşəbbüsü ilə ilk dəfə Çin, Qazaxıstan və Azərbaycandan keçəcək Şixezi-Dostık-Aktau-Ələt-Keşlə (4768 km, o cümlədən 4258 km dəmir yolu, 510 km dəniz məsafəsi) marşrutu ilə hərəkət edən sınaq konteyner qatarı saat 10 radələrində Ələtdə yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət limanına çatıb.
Qatarın qarşılanma mərasimində çıxış edən Azərbaycanın baş nazirin müavini Abid Şərifov Çindən Azərbaycana ilk konteyner qatarının gəlməsini bölgə və Azərbaycan üçün böyük bir hadisə adlandırıb. O bildirib ki, Çindən gələn ilk qatar bu və digər ölkələrin yüklərinin Avropaya çatdırılması prosesində böyük yük axınının başlanğıcı olacaq.