Nazir: “Ermənistan dərk etməlidir ki..."

“Ermənistan dərk etməlidir ki, xilası münaqişənin tezliklə həll edilməsi və qonşu dövlətlərlə, xüsusilə Azərbaycanla əlaqələrin normallaşdırılmasından asılıdır”.

 

APA TV xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov “Azərbaycan” qəzetində çıxan məqaləsində yazıb. Nazirin sözlərinə görə, Ermənistan strateji baxımdan artıq məğlub olub, zaman keçdikcə bunu daha çox hiss edəcək. Onun sözlərinə görə, Ermənistanın hərbi təcavüzü şəraitində təşəkkül tapan Azərbaycanın ümumi inkişaf və xarici siyasət strategiyası yüz ildən artıq bir dövr ərzində erməni ideoloqları tərəfindən formalaşdırılan böyük bir xülyanı tamamilə boşa çıxarıb: “Məhz Azərbaycan dövlətinin güclənməsi fonunda erməni lobbisinin ölkəmizə qarşı təxribatlarının qarşısı alınmağa və yalanları ifşa olunmağa başlanıb”.

 

Elmar Məmmədyarov qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağ regionunda yaşayan erməniləri öz vətəndaşlarıı kimi qəbul edir və onların yaxşı şəraitdə yaşamasını istəyir.

 

Nazir bildirib ki, Azərbaycan Minsk Qrupu çərçivəsində aparılan danışıqlar prosesi ilə yanaşı NATO, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı başda olmaqla, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağ münaqişəsinə dair sənədlərin qəbul edilməsinə nail olub. Burada Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət ifadə edilib, münaqişənin məhz bu əsasda həllinin vacibliyi vurğulanıb.

 

Elmar Məmmədyarov, Ermənistanın təcavüzü məsələsinin artıq Meksika, Pakistan, Kolumbiya, Panama, Peru, Çexiya, Bosniya-Herseqovina, İordaniya parlamentləri və ABŞ-ın 14 ştatının yerli qanunverici orqanları səviyyəsinə çıxarılaraq insanlıq əleyhinə cinayət kimi tanıdılıdığını da qeyd edib.

 

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı