Xaçmazda iki maşın toqquşdu, xəsarət alanlar var

Xaçmaz rayonunda yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin Şimal bürosunun verdiyi məlumata görə, hadisə Xudat-Nabran yolunun 5-ci kilometrliyində qeydə alınıb. 1980-ci il təvəllüdlü Qusar rayon sakini Zamir Mürsəlovun idarə etdiyi “VAZ 21099” markalı nəqliyyat vasitəsi ilə 1982-ci il təvəllüdlü Xudat şəhər sakini Samir Şirinovun idarə etdiyi  “Chevrolet” markalı maşın toqquşub.

 

Qəza nəticəsində hər iki maşının sürücüsü və “Chevrolet”in sərnişini Sevil Şükürova müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Samir Şirinov ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb, digər iki nəfərin müalicəsi isə xəstəxanada davam etdirilir.

 

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Vəli Turan