Xəzərdə bir gündə 6 nəfər batdı - KƏDƏRLİ STATİSTİKA

Azərbaycanda bir gündə 6 nəfər dənizdə batıb. APA TV-nin məlumatına görə, 17-19 yaşlı gənclərin hamısı çimərlik üçün nəzərdə tutulmamış ərazilərdə boğulublar. FHN-nin “112” qaynar telefon xəttinə Bakının Xəzər rayonunda dənizdə 1998-ci il təvəllüdlü  Bədəlova Leyla Elşad qızının suda batması haqqında məlumat daxil olub. Leyla Bədəlovanın cəsədi “Nardaran-1” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Axşam saatlarına doğru respublika ərazisində daha 3 dənizdə batma faktı qeydə alınıb. Dənizdə batma faktlarından ikisi Bakıda, biri isə Xaçmazda qeydə alınıb. Bakının Qaradağ rayonunda dənizdə 1997-ci təvəllüdlü Akın Ərbinin  suda batması haqqında məlumat daxil olub. A. Ərbinin cəsədi “Qaradağ-1” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

APA TV-nin Şimal bürosunun bundan əvvəl  verdiyi məlumata görə, Quba rayonunun Ərməki kənd sakini, 18 yaşlı Elvin Kərimov dənizdə batıb. Hadisə Xəzər dənizinin Xaçmaz rayonu, Niyazabad kəndində olan sahilində baş verib. Batan şəxsin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 18 yaşlı gəncin qadağan olunan ərazidə çimdiyi bildirilir.

 

Bundan başqa, FHN-nin “112” qaynar telefon xəttinə  Sabunçu rayonundakı Pirşağı çimərliyində bir nəfərin batması ilə bağlı məlumat verilib. Nazirliyin əraziyə yaxın sularda xilasetmə məntəqəsinin xilasediciləri dərhal hadisə yerinə yollanıblar. Batan şəxsin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Kimlik müayinəsi zamanı məlum olub ki, batan şəxs 1997-ci il təvəllüdlü Əliyev Mübariz Məlikağa oğludur. Faktı Sabunçu  Rayon Polis İdarəsi araşdırır.

 

Bundan əvvəl isə Xəzərdə iki nəfər batıb, bir nəfər xilas edilib. Sumqayıt şəhərində dənizdə 1996-cı il təvəllüdlü Həmidov Elnur Etibar oğlunun və 1997-ci il təvəllüdlü Tanrıverdiyev Anar Xalid oğlunun suda batması haqqında məlumat daxil olub. E. Həmidovun və A. Tanrıverdiyevin meyiti “Corat” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Sabunçu rayonunda isə 1 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.

Müəllif | Apa.Tv