Ceyms Uorlik: “Münaqişənin həlli vaxtı yetişib”

"Dağlıq Qarabağ münaqişəsinin Helsinki yekun aktına əsasən, birdəfəlik həll edilməsi üçün birgə işləməyin vaxtı gəlib çatıb". APA TV xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan ATƏT-in Minsk Qrupunun yeni amerikalı həmsədri Ceyms Uorlik deyib: “20 ildən artıq vaxt keçdiyini nəzərə alaraq əzab əziyyət və nifrətə son qoymağın zamanı yetişib. Eyni zamanda Minsk qrupu həmsədrlərinin, Minsk qrupunun, həmçinin Azərbaycan və Ermənistan hökumətlərinin, eləcə də regiondakı digər ölkələrin zəruri addımlar ataraq bölgənin çiçəklənməsi və sülhə qovuşması üçün birgə çalışmalarının vaxtıdır. Səfərimin məqsədi münaqişə tərəflərinə problemin sülh yolu ilə nizamlanmasında köməklik göstərməkdir.”

Onun sözlərinə görə, davamlı sülhə nail olmaq üçün hər iki tərəfdən siyasi iradə, eyni zamanda hər iki ölkə rəhbərliyi və xalqının güzəştlərə getməsi üçün cəsarətli addımlar atması tələb olunur. Ceyms Uorlik rusiyalı və fransalı həmkarları ilə birlikdə işə başlamağı səbirsizliklə gözlədiyini söyləyərək öz fəaliyyətini realizm və praqmatizm əsasında həyata keçirəcəyini və hər iki tərəfin həll yolunu tapması üçün çalışacağını vurğulayıb: “Bu münaqişə 20 ildən çoxdur, davam edir, bir çox insan problemin həllinə kömək etmək istəyib. Ümid edirəm ki, bütün tərəflər davamlı sülhün əldə edilməsinin onların marağına uyğun olduğunu artıq dərk edir. Atəşkəsin 20-ci ildönümü yaxınlaşır. Hesab edirəm ki, bölgədə sülh və inkişafın yolunu tapmaq lazımdır. Bütün tərəfləri dinləmək və situasiyanı daha yaxşı anlamaq üçün buraya gəlmişəm.”

Səfir bildirib ki, səfər çərçivəsində o, Azərbaycan və Ermənistan rəhbərliyi ilə görüşəcək və eyni zamanda Dağlıq Qarabağa səfər edəcək. Ceyms Uorlik yaxın zamanlarda Vyanada ATƏT-in baş katibi ilə görüşəcəyini, bundan sonra Fransa və Rusiyadan olan həmkarları ilə Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 68-ci sessiyası çərçivəsində görüşlər keçirməyi planlaşdırdığını deyib.

 

Müəllif | Apa.Tv