Belarus DSX-nın nümayəndə heyəti Azərbaycana gəlib

Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin dəvəti ilə Belarus  Döv­lət Sərhəd Komitəsinin sədri, general-polkovnik Malt­sev Leo­nid Semyonoviçin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə rəsmi səfərdə olub. DSX-dan APA TV-yə verilən məlumata görə, ilk öncə nümayəndə heyəti Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarları önünə əklil qoyaraq onların ruhuna hörmət və ehtiramlarını bildirib, daha sonra Şəhidlər Xiyabanını ziya­rət edərək Azərbaycanın müstəqilliyi uğrunda həlak olanların xatirəsini yad ediblər. 

 

Səfər çərçivəsində qonaqlar Dövlət Sərhəd Xidməti Aparatında DSX rəisi Elçin Quliyev tərəfindən qəbul ediliblər.

  

Görüş zamanı Azərbaycan və Belarus Dövlət Sərhəd Xidmətləri arasında ikitərəfli əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.  Tərəflər arasında sərhəd təhlükəsizliyinin təmin olunması, miqrasiya proseslə­ri­nin­ idarə edilməsi, dövlət sərhədindən buraxılış məntəqələrinin fəaliy­yə­ti, təcrübə mübadiləsinin davam etdirilməsi, o cümlədən inteqrə edil­miş­ sərhəd idarəçiliyi sahəsində həyata keçirilən layihələr çərçivəsində əmək­­daşlığın genişləndirilməsi və digər maraq doğuran məsələlər müza­ki­­rə edilib.

 

Azərbaycanın dövlət sərhədindəki əməliyyat şəraiti və mövcud təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması qeyd edilib, həmçinin sərhəd təhlükəsizliyinin gücləndirilməsi, müasir tə­lim-tədris sisteminin yaradılması istiqamətində görülmüş işlər və əldə olunmuş nailiyyətlər barəsində məlumat verilib.

 

Səfər çərçivəsində nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi, Akademiyası, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, Xüsusi Məktəb, atçılıq mərkəzi və digər bölmələrinin fəaliyyəti ilə tanış olublar.

 

Müəllif | Apa.Tv
Apa.tv