Mətbuat Şurası Lənkəranda tədbir keçirib
Azərbaycan Mətbuat Şurası “Azərbaycanın mətbuat məkanında ədəbi dilin qorunmasına dəstək” layihəsinə start verib. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə gerçəkləşdirilən layihənin məqsədi mətbuatda ədəbi dilin normalarının pozulmasına qarşı ictimai qınaq metodlarının effektivliyini artırmaqdan, bununla əlaqədar neqativ cəhətlərin aradan qaldırılmasında ictimai aktivliyin təminatından ibarətdir. APA TV-nin Cənub bürosunun məlumatına görə, layihə çərçivəsində “Mətbuatda Azərbaycan ədəbi dilinin qorunması: problemlər və perspektivlər” mövzusunda ilk “dəyirmi masa” Lənkəran şəhər mədəniyyət mərkəzində keçirilib.
Mətbuat Şurasının sədri Əflatun Amaşov Lənkəranda 10-a yaxın kütləvi informasiya vasitələrinin fəaliyyət göstərdiyini bildirərək, onların hərtərəfli yaradıcılıq fəaliyyəti göstərmələri üçün yaradılan maksimum şəraitə görə rayon rəhbərliyinə minnətdarlığını çatdırıb. Natiq Azərbaycan ədəbi dilinin mətbuatda işlənməsi mövzusuna həsr olunan tədbirlərin Lənkərandan sonra Şəki və Quba şəhərlərində də keçiriləcəyini söyləyərək medianın üzərinə düşən mühüm vəzifələri bir daha xatırladıb.
Sonra Mətbuat Şurasının monitorinq qrupunun rəhbəri İlham Abbasovun “Mətbuatda ədəbi dilin qorunmasi: problemlər və perspektivlər” mövzusunda məruzəsi dinlənilib. Bildirilib ki, son 10 ildə prezident İlham Əliyevin fərman və sərəncamları ilə Azərbaycan dili ilə bağlı 20-dən artıq normativ sənəd qəbul olunub.
Sonda konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.