Allergiyadan yaxa qurtarmağın yolları - REPORTAJ

"Statistikaya nəzər salsaq, dünyada və Azərbaycanda allergiyanın 80-85 faizini dəridə olan səpkilər təşkil edir. 10 faizi isə astmanın payına düşür. Gözdə yaranan allergiyalar çox az faiz təşkil edir. Uşaqlarda da allergiya özünü məhz səpki formasında göstərir. Fəsil dəyişməsi ilə orqanizmdə allergik xəstəliklər - burun axması, qaşınma, göz yaşarması və dəridə qıcıqlanmalar baş verir. Bəzən üşütmə, boğaz ağrısı, səs batması və öskürək ortaya çıxır".

 

APA TV-nin məlumatına görə, bu fikirləri Azərbaycan Tibb Universitetinin otorinolarinqologiya kafedrasının müdiri, professor Əzizağa Talışinski deyib. Professor bildirib ki, ilk növbədə allergiyanın hansı mənbədən qaynaqlandığı aşkarlanmalıdır:

 

"Allergik xəstəliyə yoluxan insan heyvan bəslənməyən, ev bitkiləri yetişdirilməyən rütubətsiz bir otaqda yaşamalıdır. Yataq otağında xalı, kilim və ya yumşaq tipli oyuncaqlar olmamalı, allergiya verməyən, yalnız su buxarı və hava keçirən yataq və yorğan üzlüklərdən istifadə olunmalı, mümkündürsə, kondisionerlərin filtrləri ayda 1 dəfə dəyişdirilməli, yataq örtükləri 60 dərəcədə yaxalanmalıdır. Bununla bərabər, əgər allergiya hər hansı bir qida ilə bağlıdırsa, həmin qidadan imtina edilməlidir. Əgər allergiya açıq hava ilə bağlıdırsa, havaya çox çıxmamaq, qapı və pəncərələri müəyyən müddət bağlı saxlamaq lazımdır".

 

Həkimin sözlərinə görə, allergik xəstəliklərə daha çox 20-40 arasında olan insanlarda rast gəlinir. Aran rayonlarında allergik xəstəliklərə daha çox rast gəlindiyini də qeyd edən Əzizağa Talışinski bildirib ki, allergiyaya səbəb bitkilərin çiçəklənmə mövsümünün başlamasıdır.

 

Allergiyaya meylliyi olan insanların ümumiyyətlə tərkibində kimyəvi maddələr və konservantlar olmayan təbii qida məhsullarından istifadə etməsi məsləhətdir. Hazırda mövsümi allergiyadan əziyyət çəkən insanlara evdən çıxarkən günəş eynəklərindən istifadəni məsləhət görən mütəxəssis hesab edir ki, onlara evə gəldikdə üzlərinin, bədənin açıq hissələrinin dərhal yuyulmasını, xüsusən küləkli havada mümkün olduğu qədər ev şəraitində qalmağı tövsiyə etmək olar:

 

"Mövsümün dəyişməyinə az qalmış insanlar orqanizmlərində olan müəyyən xəstəliklərin müalicəsini aparmalıdırlar ki, yaz fəslində bu xəstəliklər kəskinləşməsin. Mövsümi xəstəliklərin qarşısını ev şəraitində də almaq olar. Bunun üçün ilk növbədə bədənin immun sistemi möhkəm olmalıdır. Bəslənmənizdə mümkün olduğu qədər təzə, təbii qidalara üstünlük verin. Qatqı maddəsi və boya ehtiva edən şirniyyat, saqqız, hazır meyvə suları və onlara bənzər hazır yeməkləri yeməməyə çalışın. Allergik xəstəliklər ancaq nizamlı olaraq müalicə edildikdə düzələ bilər və təkrarlama xüsusiyyəti olan xəstəliklərdir. Bu səbəbdən yaxşı olsanız belə, həkiminizlə məsləhətləşmədən dərmanların qəbulunu dayandırmayın".

 

Allergik xəstəliklərin yaranma səbəblərinə gəldikdə, Əzizağa Talışınski deyir ki,  burada, əlbəttə ki, genetik faktorları qeyd etmək lazımdır. Allergik xəstəliklər onlara genetik meylliyi olan insanlarda müxtəlif amillərin təsiri altında yaranır. İlk növbədə əgər valideyndə allergik xəstəliklər mövcuddursa, bu uşağa da keçə bilər. Yazda ağaclarda tozlanma baş verir və təbiətdə oyanış gedir. Bu özünü ağaclarda özünü tumurcuqlanma kimi göstərir. Eyni hal insan bədənində də baş verir. Yaz gələndə orqanizmdə dəyişiklik gedir və oyanır. Bu oyanış isə qıcıqlanma yaradır.

 

"Allergiyası olan insanların bədənində xüsusi göbələklər olur. Yazda isə bu göbələklərdə oyanma baş verir. Bu ağaclara da aiddir. Çünki göbələklər soyuq havalarda donur. İstilər başladıqdan sonra isə göbələklər baş qaldırır və canlanma gedir. Təbiətdə olan göbələkləri əhəngləməklə məhv etmək mümkündür. Lakin insandakı göbələkləri məhv etmək olmur. Bu proses isə insanda allergiya yaradır".

 

Allergik xəstəliklər bütün dünyada məşhur olduğuna görə müxtəlif müalicə üsullarından istifadə edilir. Bunların əksəriyyəti elmi dəyəri olmayan müalicələrdir.

 

Mütəxəssis tövsiyə edir ki, allergik xəstəliklərin vaxtında diaqnostikası və müalicəsi olduqca vacibdir. Çünki allergik xəstəliklərdə allergenlə təmas müddəti nə qədər çox olarsa, simptomlar daha da şiddətli ola bilər. Müalicə olunmasa allergik klinik, getdikcə ağırlaşaraq allergik bronxitə çevrilə bilər. Allergik bronxit isə astmaya çevrilə bilər.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı