Bakı metrosunda vahid ödəniş kartları istifadə olunacaq – YENİLİK
"Bakı Metropoliteni yeni kart sisteminə keçir. Bu kartlardan "BakuBus" MMC-yə məxsus avtobuslarda, metroda gediş haqları üçün istifadə olunacaq.
Bakı Metropoliteninin stansiyalarına daxil olmaq üçün vahid ödəniş kartı olan "BakıKart" və "BakıKart Məhdud istifadə üçün" kartlarından istifadə olunacaq. Bu gün təqdimatı keçirilən kart haqqında məlumat verən "BakıKart" layihəsinin rəhbəri Ceyhun Əliyev bildirib ki, avqustun 8-dən etibarən yeni kartlardan istifadə edə bilərlər.
"Avqust ayının 15-dək əvvəlki metro kartlarını da ala biləcəksiniz. Avqustun 15-dən etibarən metro kartlarının satışı və balansının artırılması dayandırılacaq. Sentyabrın 30-dək siz metro kartlarını istifadə edə biləcəksiniz".
Sentyabrın 30-dan sonra isə yalnız "BakıKart"dan istifadə olunacaq. "BakıKart"ın (plastik kart) qiyməti 2 manatdır. Hazırda istifadə etdiyimiz "Metrokart"ın yeni karta inteqrasiya qaydalarına gəlincə Ceyhun Əliyev deyib ki, avqustun 15-dək "Metrokart"ın girov dəyəri nağd şəkildə geri qaytarılacaq.
"İki şəkildə balansın köçürülməsi mümkün olacaq. Siz cari metro kartını ayın 8-dən etibarən istifadə etmək istədikdə onun depozit dəyəri avtomatik olaraq balansa yüklənir və yaxud istədiyiniz təqdirdə köhnə kartı içərisindəki balansı və girov dəyəri yeni karta köçürə bilərsiniz. Yeni kartı köhnə kartla birlikdə xəzinədara təqdim edəcəksiniz, xəzinədar kartınızdakı məbləği və girov dəyərini yeni karta köçürəcək.
"BakıKart" və "BakıKart Məhdud istifadə üçün" kartlarını bütün stansiyaların vestibüllərində və "BakuBus" MMC-yə məxsus marşrutların Bakıdakı dayanacaqlarda quraşdırılmış yeni terminallardan əldə etmək olar. Bu barədə hərəkət xidmətinin rəisi Etibar İsayev bildirib:
"Bu terminal məhz onun üçündür. Kart ala da bilərsiniz, balansı artıra da bilərsiniz. Birbaşa aparatdan alacaqsınız".
"BakıKart Məhdud istifadə üçün" kartın qiyməti də 0,20 manatdır. Bu növ karta yalnız satın alınarkən 1,2,3 və ya 4 gediş yükləmək mümkündür. 1 gediş haqqının dəyəri 20 qəpikdir. Terminallarda bu növ kartların balansını artırmaq mümkün deyil. Bu növ kart yuxarıda qeyd edilən nəqliyyat vasitələrindən çox az istifadə edən şəhərin qonaqları və sakinləri üçün nəzərdə tutulub. Hər iki növ kart heç bir halda geri qaytarılmır.