Qəbələdə Türkdilli Dövlətlərin Ağsaqqallar Şurasının 9-cu Zirvə toplantısı keçirilib
Qəbələ şəhərində Türkdilli Dövlətlərin Ağsaqqallar Şurasının 9-cu Zirvə toplantısı keçirilib. APA TV-nin yerli bürosunun xəbərinə görə toplantı iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Zirvə toplantısında Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan Ağsaqqallar Şuralarının sədrləri, TürkPA-nın rəsmi şəxsləri gündəmdə duran müxtəlif məsələləri müzakirə ediblər. Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov zirvə toplantısında iştirak edənləri salamlayaraq bildirib ki, türkdilli ölkələrin əməkdaşlığı istiqamətində atılan addımlar son illərdə daha intensiv xarakter almaqda, bu səpkidə müxtəlif təşəbbüslər reallaşmaqdadır. Artıq nəticəsini verən bu təşəbbüslər türkdilli dövlətlərin müxtəlif sahələr üzrə əməkdaşlığının yeni bir mərhələsinin başlaması ilə də xarakterizə olunur. Bu istiqamətdə görülən işlərin, həyata keçrilən tədbirlərin nəticələri və perspektivdə atılacaq addımların nədən ibarət olacağı türk dövlətlərinin birgə fəaliyyətinin koordinasiya olunmasında yaratdıqları müxtəlif təşkilatlar səviyyəsində də daim əsas müzakirə predmetləri sırasında yer alıb. Zirvə toplantısında iştirak edən digər ölkələrin nümayəndələri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvləri arasında iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin vacib olduğunu bildiriblər.
Tədbirdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov, Qırğızıstan Ağsaqqallar Şurasının sədri Beksultan Zakiyev, Qazaxıstan ağsaqqallarının nümayəndəsi, senator Adil Ahmetov, Türkiyədən millət vəkili Mustafa İsen çıxış edib. Zirvə toplantısında Türk Akademiyası tərəfindən orta məktəblərin 8-ci sinif şagirdləri üçün hazırlanan “Ortaq türk tarixi” dərslik proqramı, Türk Akademiyası tərəfindən hazırlanan Türk Dövlətlərinin inteqrasiya konsepsiyası, “Ortaq coğrafiya” kitabının Türk Akademiyası tərəfindən hazırlanmasına dair müzakirələr aparılıb. Həmçinin, tədbirdə sentyabrın 11-də Qazaxıstanda keçiriləcək “İnformasiya və Media İşbirliyi” Türk Toplusunun 5-ci zirvə toplantısından əvvəl informasiya və mediadan sahəsini əhatə edən nazirlərin görüşünün keçirilməsi barədə fikir mübadiləsi aparılıb.