Fəttah Heydərov: “Ortaq türk tarixi dərsliyi...”
“Bu gün keçirilən iclasda müzakirə olunan məsələlər ölkələrimiz arasında qarşılıqlı münasibətlərin bundan sonrakı inkişafına müsbət təsir göstərəcək”. APA TV-nin məlumatına görə, bu fikirləri Türkdilli Dövlətlərin Ağsaqqallar Şurasının 9-cu Zirvə toplantısından sonra jurnalistlərə açıqlama verən Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov deyib.
Ağsaqqallar Şurasının sədri Qəbələdə keçirilən toplantını yüksək qiymətləndirib: “Toplantıda Türkdilli dövlətlərin tarixi, mədəniyyəti, bu dövlətlərin ərazisində yaşayan türk xalqlarının ən qədim dövrlərdən başlayaraq günümüzə qədər tarixinin məktəblərdə tədris olunması müzakirə edildi. Ortaq türk tarixinə dair dərs vəsaitinin hazırlanması təşəbbüsü irəli sürülmüşdü. Artıq Türk Akademiyası bu dərsliyi hazırlayıb. Həmin dərslik türkdilli dövlətlərin inkişaf tarixini göstərən əyani vəsait olacaq”.