Qazaxda 3 kənddə 350 hektar ərazi yanıb

Qazaxda bir gündə 3 kənddə yanğın başlayıb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə,  350 hektara yaxın ərazi yanıb. Rayonun Cəfərli, Aslanbəyli, Dəmirçilər kəndində alovlanan sahələrə  Fövqaladə Hallar Nazirliyinin (FHN) Qazax Yanğından Mühafizə Hissəsinin avtomobilləri və canlı qüvvəsi cəlb edilib. Ərazinin çox olması yanğınsöndürənlərin işini çətinləşdirsə də alovu axşam saatlarına yaxın söndürmək mümkün olub. Hadisə zamanı Dəmirçilər və Aslanbəyli kəndlərində 275 hektar biçilmiş taxıl sahəsi alışıb. Alov şiddətləndiyindən Aslanbəyli kənd sakininə məxsus 8 ton ot bağlamasının 4 tonu  yanaraq yarasız hala düşüb. Düşmənlə sərhəd olan Cəfərli kəndində isə bələdiyyə məxsus 60 hektar quru ot və kol-kos yanıb. Adıçəkilən kəndə baş verən yanğın şiddətlənib meşəlik əraziyə yaxınlaşsa da alovun qarşısını almaq mümkün olub. Hər üç kənddə baş verən yanğın zamanı xəsarət alan olmayıb.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli