"Qəbələ" Avropa Liqasının pley-off mərhələsinə yüksəldi

Avropa Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçirilib. APA-nın məlumatına görə, Azərbaycan çempionatının bürünc mükafatçısı “Qəbələ” Kiprin “Apollon” klubunu qəbul edib. Bakıda keçirilən qarşılaşma “Bakcell Aena”da baş tutub. Səfərdə 1:1 hesablı heç-heçəyə nail olan “Qəbələ” ev oyununa üstünlüklə çıxıb. Sfərdə qol vuran “Qəbələ”ni 0:0 hesablı heç-heçə də qane edirdi.

 

Oyuna aktiv başlayan təmsilçimiz çoxsaylı cəhdlərinə baxmayaraq ilk hissədə hesabı aça bilməyib. İkinci hissədə də təzyiqi davam etdirən Roman Qriqorçukun yetirmələri nəhayət sona 10 dəqiqə qalmış istəyinə çata bilib. İlk oyunun qəhrəmanı Cavid Hüseynov bu dəfə də penaltidən fərqlənib.

 

İkinci hissə bir neçə epizodda gərginliklə də yadda qalıb.  Oyunun sonlarına yaxın "Qəbələ"nin müdafiəçisi Ürfan Abbasov hakimə etiraz etdiyi üçün qırmızı vərəqə ilə cəzalandırılıb. Ancaq bütün bunlara baxmayaraq təmsilçimiz üstünlüyünü sona qədər qoruya bilib.

Müəllif | Apa.Tv
Apa.tv