Lənkəranda iki avtomobil toqquşdu, bir qadın yaralandı

Lənkəranda bir nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə ötən gecə Lənkəran-Boradigah sose yolunun rayonun Şağlaser kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Lənkəranın Şağlaser kənd sakini, 1984-cü il təvəllüdlü Elşən Hüseynovun idarə etdiyi “VAZ-21074” markalı, “42 BK 812” dövlət nömrə nişanlı minik avtomobili yolun kənarındakı yanacaqdoldurma məntəqəsinə dönmək istəyərkən qarşı tərəfdən gələn Lənkəran rayonunun Separadi kənd sakini, 1958-ci il təvəllüdlü Fərman Məmmədovun idarə etdiyi “VAZ-21074” markalı, “90 BO 847” dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Güclü zərbədən F. Məmmədovun yanında olan həyat yoldaşı, 1960-cı il təvəllüdlü Şəfayət Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Qəza zamanı hər iki avtomobilə ciddi ziyan dəyib.

 

Hadisə yerinə gələn Dövlət Yol Polisinin əməkdaşları ərazidə avtoekspertiza işlərini həyata keçiriblər. Qəzanın dəqiq başvermə səbəbləri ekspertizanın verəcəyi rəydən sonra bəlli olacaq.

 

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır. 

Müəllif | Apa.Tv