Azərbaycanda "Skype", "Facebook" , “WhatsApp"ın rabitə xidməti lisenziyalaşdırılacaq
""Skype", "Facebook" , “WhatsApp" lisenziyalaşdırılmalıdır". APA TV-nin məlumatına görə, bu fikirləri Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov deyib.
Əli Abbasov Rabitə və yüksək texnologiyalar naziri
"Azərbaycanda azad internet var. Heç bir xidmət məhdudlaşdırılmır. Eyni zamanda sosial şəbəkələr də azad fəaliyyət göstərir. Rabitə xidmətləri göstərən "Skype", " Facebook", “WhatsApp" daxil olmaqla heç bir sosial şəbəkənin fəaliyyətinə məhdudiyyət qoyulmayıb. Amma Azərbaycanda fəaliyyət göstərən rabitə xidmətlərinin bir neçəsi lisenziyalaşdırılmış xidmətlərdir. Hesab edirik ki, bu rabitə xidmətlərini göstərən "Skype", " Facebook", “WhatsApp" da lisenziyalaşdırılmalıdır. Lisenziyalaşdırma istifadəçilər üçün heç bir problem yaratmayacaq. Ancaq tənzimləyici orqanlarla həmin şirkətlər arasında müqavilələr imzalanacaq. Oktyabr ayında regionun ən böyük “Trier3” səviyyəli DATA Mərkəzi yaxın iki ay ərzində Azərbaycanda istismara veriləcək. DATA Mərkəzin istismara verilməsi bulud servislərin populyarlaşmasına və bulud texnologiyalara keçid prosesini sürətləndirməyə imkan yaradacaq. DATA Mərkəz regionda fəaliyyət göstərən, məlumat emal edən bu cür mərkəzlərdən birincisi olacaq".
Nazir bildirib ki, mərkəz həmçinin regionun digər ölkələri və “Google”, “Facebook” və s. kimi böyük şirkətlərə də xidmət göstərəcək. Bu bizim informasiya təhlükəsizliyi və kiber hücumlardan qorunmaq üçün çox vacibdir. Tələbatdan asılı olaraq, DATA Mərkəzin gücü artırılacaq.
Xatırladaq ki, bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Mətbuat və İnformasiya Mərkəzinin açılışı olub. Müasir standartlara əsaslanan yeni üslublu mərkəzin açılış mərasimində rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov iştirak edib.
Mərkəzin nəzdində nazirliyin rəsmi saytı (www.mincom.gov.az), “Rabitə dünyası” qəzeti və “ICTnews” Elektron Xidməti fəaliyyət göstərəcək. Eyni zamanda, yaradılması nəzərdə tutulan internet televiziyasının da bu mərkəzdən idarə olunması planlaşdırılır. Mərkəz eyni zamanda nazirlik, idarə və müəssisələrin fəaliyyətinə dair məlumat, çıxış və müsahibələrin hazırlanması, foto, video çəkilişlərinin aparılması ilə də məşğul olacaq.