Ankara PKK-nın hədələrini ciddi qəbul etmir
PKK terror təşkilatının üst qurumu sayılan KCK konfederativ kürd təşkilatı terrorçuların Türkiyə ərazisindən çıxarılması prosesini dayandırdığını elan edib. APA TV-nin Türkiyə müxbiri Mayis Əlizadənin verdiyi məlumata görə, KCK rəhbərliyi terrorçuların Türkiyədən çıxarılması prosesini sürətləndirmək üçün lazımi addımlar atılması tələbi qoyub. Bunun üçün isə hökumətə əvvəlcə 1 oktyabr, daha sonra isə 1 sentyabra kimi vaxt verilib. Terrorçuların ölkədən aktiv formada çıxarılması prosesinə mayın 8-dən start verilib və KCK indiyədək PKK üzvlərinin xeyli hissəsinin Türkiyəni tərk etdiyini açıqlamışdı. Prosesi Türkiyədə izləyən həmkarımız bildirir ki, KCK rəhbərliyi bu addımı qarşı tərəfin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi ilə əsaslandırır. Mayıs Əlizadə bu açıqlamaların rəsmi Ankara tərəfindən o qədər də ciddi qarşılanmadığını deyir. PKK terror təşkilatı Türkiyə parlamenti qarşısında daha bir tələb irəli sürüb. Bu, terrorçuların ölkəni tərk etməsindən sonra hökumətin atacağı addımların hüquqi bazasının yaradılmasıdır. Hökumətin bu məsələyə mövqeyi parlamentin iclasları başlandıqdan sonra məlum olacaq.