Böyük Britaniya səfiri Lənkəran və Astarada olub
Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiqin cənub bölgəsinə ikigünlük səfəri başa çatıb. APA TV-nin Cənub bürosunun məlumatına görə, paytaxtla yanaşı Azərbaycanın bölgələrinin hazırkı durumu ilə əyani tanış olmaq məqsədi daşıyan səfər çərçivəsində ingiltərəli diplomat Astara və Lənkəran rayonlarında olub.
Astara rayonundan sonra İrfan Siddiq bu gün Lənkəran şəhərində Avropa standartlarına uyğun qurulmuş süd məhsulları istehsal edən müəssisəyə baş çəkib. Zavodda texnoloji proseslərin müasirliyi səfirdə xoş təəsürüt yaradıb. İrfan Siddiq burada istehsal olunan dondurma məhsullarının dadına da baxıb.
İrfan Siddiq Lənkəran və Astara rayonlarının icra hakimiyyəti başçıları ilə görüşündə bölgədə turizm infrastrukturunun genişləndirilməsi məsələlərinin müzakirə olunduğunu, həmçinin təmsil etdiyi ölkənin cənub bölgəsi ilə aqrar sahədə əməkdaşlıqda maraqlı olduğunu bildirib.
Böyük Britaniya əhalisinin çox çay içdiyini xüsusi qeyd edən xarici diplomat ölkəsində çaybecərmə imkanlarının olmadığını, məhz elə bu səbəbdən Lənkəran çayının marketinqinin və satışının təşkil edilməsi məqsədilə bu subtropik rayonla əməkdaşlıq etmək barədə düşünmək vaxtının çatdığını söyləyib.