“Qəbələ” klubu Bakıda azarkeşlərə qarşı polis zorakılığını pislədi - BƏYANAT

“Qəbələ” İdman Klubu UEFA Avropa Liqası III təsnifat mərhələsi çərçivəsində “Apollon”la Bakıda baş tutan oyundan sonra və oyun zamanı baş verən hadisələrlə bağlı bəyanat yayıb.

 

APA TV-nin məlumatına görə,  bəyanatda avqustun 6-da Azərbaycan futbolunun növbəti tarixi günlərindən birini yaşadığı, “Qəbələ”nin Kipr təmsilçisi “Apollon” üzərində layiqli zəfər əldə edərək, Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazandığı qeyd olunur.

 

Klub qeyd edib ki, hələ ötən həftə Kiprdə keçirilmiş görüş uzun müddət mətbuatın gündəmində qalmışdı: “Təkcə komandamızın çətin səfərdən sərfəli hesabla qayıtması yox, həmçinin kiprli azarkeşlərin qeyri-etik və təxribat xarakterli hərəkətləri əsas müzakirə mövzusu olmuşdu. Oyun ərzində meydançaya saysız-hesabsız yad əşyalar atan yerli azarkeşlər Azərbaycan bayrağını təhqir etmişdilər. Yalnız klubumuzun yerində müdaxiləsi nəticəsində üçrəngli bayrağımızı yandırmaqdan çəkinmişdilər, lakin parçalanmış Azərbaycan bayrağı oyun başa çatanadək kiprlilərin açıq təhqirinə məruz qalmışdı. Hətta təzyiq və təhqirlər nəticəsində baş hakim komandamıza ola biləcək hücumların qarşısını almaq üçün oyuna 15 dəqiqə fasilə vermişdi”.

 

Bəyanatda qeyd olunub ki, bu hadisələrin fonunda cavab matçının prinsipiallığı daha da kəskin hal almışdı: “ Kiprlilərin qeyri-etik hərəkətlərinə baxmayaraq, azarkeşlərimiz UEFA-nın əsas tələblərindən olan “Respect” prinsipini qorumağı bacardılar. Matç ərzində heç bir ölkənin atributu təhqir olunmadı və polisin bütün göstərişləri qeyd-şərtsiz yerinə yetirildi. Oyunu izləyən 10 mindən artıq azarkeş öz enerjisini komandamızı dəstəkləməyə sərf edərək prinsipial qarşılaşmanın qələbə ilə başa çatmasında böyük pay sahibi oldu. Təbii ki, belə vacib oyunda qazanılan qələbə azarkeşlərimiz tərəfindən ikiqat sevinc və çılğınlıqla qarşılandı”.

 

Klub vurğulayıb ki, bu çılğınlıq qaydalar çərçivəsini qətiyyən aşmasa da, insanlar polis təzyiqinə məruz qalıblar. Xüsusən də, fan-klubların toplaşdığı sektorlar ətrafında say çoxluğu təşkil edən polis nəfərləri futbolsevərləri sevimli komandalarını qələbəyə səsləməyə imkan verməyib, sakitcə yerlərində oturub futbola tamaşa etməyə məcbur ediblər. Polis 90 dəqiqə ərzində fəallıq göstərən fanatlara fiziki müdaxilə edərək tribunadan uzaqlaşdırıb.

 

“Vəzifəsi tribunlarda təhlükəsizliyi təmin etmək olan polis oyunboyu göstərdiyi təcavüzü final fitindən sonra dəhşətli həddə çatdırdı. Belə ki, hadisəyə dair şəkil və videolarda göründüyü kimi, mənasına izah verə bilmədiyimiz zorakılıqla yeniyetmə azarkeşlərimizi dəyənəklə döyməkdən, hətta tribunanın yuxarı mərtəbəsindən aşağı atmaqdan çəkinmədilər. Bunun nəticəsində bir neçə şəxs müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirildi. Xoşbəxtlikdən zərərçəkmişlərin vəziyyəti hazırda qənaətbəxşdir.

 

Lakin hadisənin miqyası yalnız bir neçə şəxsin xəsarət alması ilə yekunlaşmır, həmçinin ölkəmizdə idman yarışlarına azarkeş dəstəyinin artmasına ciddi şəkildə zərbə vurur. Ölkəmizdə idmanın inkişafda olduğu bir dövrdə - dünənki hadisə də daxil olmaqla - idmanda hər cür zorakılığın əleyhinə olduğumuzu bəyan edirik”.

 

"Qəbələ" İK tribunaların təhlükə mənbəyi deyil, azarkeşlərin dostluq və istirahət məkanı olmasının tərəfdarı olduğunu vurğulayıb, azarkeşləri ruhdan düşmədən bundan sonra da komandaya dəstək olmaq üçün tribunalarda öz yerlərini tutmağa çağırıb.

Müəllif | Apa.Tv
Apa.tv