Güləşin Olimpiadaya qaytarılması...
Argentinanın paytaxtı Buones Ayresdə Beynəlxalq Olimpiya Komitəsinin 125-ci sessiyasında mühüm qərarlardan biri də güləşin 2020 və 2024-cü illər Olimpiadasının proqramına qaytarılması oldu.
Bu il fevralın 12-də Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi bu qədim idman növünü 7 il sonrakı olimpiadaların proqramından çıxarmağı tövsiyyə edib. Mətbuat konfansında Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov bu səhv qərarın bərpası uğrunda dünyanın bir sıra aparıcı güləş ölkələri kimi Azərbaycanın da fəal təbliğat işlərinə qoşulduğunu xatırlatdı. "Olimpiya ümidlərimiz" devizi altında yeniyetmələrin respublika yarışının nəticələri və "Güləşə dəstək olaq" şüarı ilə aksiya, eləcə də olimpiya, dünya və avropa çempionlarımızın dilindən bəyanatının Beynəlxalq Olimpiya Komitəsinə göndərildiyini bildirdi. Güləşin qaydalarında son dəyişiklilərin ayın ikinci yarısı Budapeştdə Beynəlxalq Güləş Federasiyası İcraiyyə Komitəsinin iclasında təsdiqlənəcəyini qeyd edən Əjdər Cəfərov ayın 16-22-si aralığında Macarıstanın paytaxtında böyüklər arasında dünya çempionatına yollanacaq heyəti də açıqladı. O bildirdi ki, heyəti təyin edəndə olimpiya çempionlarımız və bəzi mükafatçılara federasiya tərəfindən istirahət, eyni zamanda onları əvəz edənlərə bir şans verilib.