Döyülən jurnalist öldü, futbolçu Cavid Hüseynov “Qəbələ”dən kənarlaşdırıldı - XRONİKA
Ötən gün döyüldüyü üçün xəstəxanaya yerləşdirilən jurnalist Rasim Əliyev dünyasını dəyişib. Bu barədə APA-ya Klinik Tibbi Mərkəzdən məlumat verilib. Məlumatda bildirilib ki, xəstə daxili qanaxma nəticəsində dünyasını dəyişib.
Qeyd edək ki, R. Əliyev ötən gün bir qrup şəxs tərəfindən döyülüb. O, onu döyənlərin futbolçu Cavid Hüseynovun qohumları olduğunu iddia edib. Buna səbəb kimi “Facebook” sosial şəbəkəsində C. Hüseynovla bağlı yazdıqlarını göstərib.
Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluq Rasim Əliyevin ölümü ilə bağlı birgə məlumat yayıb. Məlumatda qeyd olunur ki, faktla bağlı Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Şəhər prokurorluğu və Baş Polis İdarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Hazırda hadisəsinin baş vermə səbəblərinin və iştirakçılarının tam dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
“Qəbələ” İdman Klubu vəfat edən jurnalist Rasim Əliyevin klubun futbolçusunun qohumları tərəfindən döyülməsi iddiası ilə bağlı bəyanat yayıb. Apasport.az saytının məlumatına görə, bəyanatda qeyd olunub ki, jurnalist Rasim Əliyevin vəfat etməsi xəbərini “Qəbələ” İdman Klubunun hər bir üzvü böyük üzüntü ilə qarşılayıb. Bəyanatda deyilir: “Heç kimin kiməsə qarşı zor tətbiq etməyə, kimisə hədələməyə ixtiyarı yoxdur və klubumuz həmişə bu prinsipləri ön planda saxlayıb. Daim zorakılıq və aqressiyanı pisləyən sosial proyektlərlə cəmiyyətimizdə sülh və barışın, maariflənmənin vacibliyi bildirilib, bu istiqamətdə irəliləyişə nail olmaq əsas məqsəd olub. Klubumuzun uğursuz çıxış etdiyi vaxtlarda belə, mətbuatın tənqidlərinə qarşı dözümlülük göstərilib, heç vaxt sərt reaksiya verilməyib. Amma dünən baş verən hadisədə futbolçumuz Cavid Hüseynovun adının hallanması bizi çox təəssüfləndirir.
Mərhum son müsahibələrində və “facebook” sosial şəbəkəsindəki statusunda futbolçu ilə telefonla danışdığını, aralarında heç bir problemin qalmadığını bildirsə də, sonradan baş verən hadisələr heç də birmənalı deyil. Ona görə də tezliklə bu məsələnin hüquq-mühafizə orqanları tərəfindən araşdırılacağına, günahkarların layiqli cəzalarını alacaqlarına inanırıq. Bildiririk ki, Cavid Hüseynov komandamız üçün nə qədər vacib oyunçu olsa belə, bu hadisələrə aydınlıq gələnədək əsas komandadan kənarlaşdırılıb”
***
“Rasim Əliyevin vəfatı ilə bağlı məsələlər xüsusi nəzarətə götürülüb və ciddi araşdırılır”. Bu fikirləri isə APA-ya açıqlamasında Azərbaycanın prezidentinin köməkçisi Əli Həsənov deyib.
Ə. Həsənov bildirib ki, Ann.az saytının əməkdaşı Rasim Əliyevin vəfatı ilə bağlı məsələlər Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb və ciddi araşdırılır.
Ə. Həsənov qeyd edib ki, hadisənin baş vermə səbəbləri, iştirakçıların tam dairəsinin müəyyənləşdirilməsi və digər məsələlər barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Xatırladaq ki, vəfat edən jurnalist Rasim Əliyev avqustun 9-da Mehdiabad qəbiristanlığında dəfn olunub. Dəfn mərasimində mərhumun yaxınları, həmkarları və siyasi xadimlər iştirak ediblər.
Allah rəhmət eləsin!