Lənkəranda fermada güclü yanğın baş verib, bir nəfər zəhərlənib

Lənkəran rayonunun Liman şəhəri ərazisində yerləşən heyvandarlıq kompleksində güclü yanğın baş verib. APA TV-nin Cənub bürosunun məlumatına görə, yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran , Astara və Masallı Rayon Yanğından Mühafizə Hissələrindən ümumilikdə 5 yanğınsöndürən maşın, habelə  50-dək canlı qüvvə cəlb olunub.

 

Yanğın baş verən və ümumi sahəsi 2 000 kvadratmetrdən çox olan kompleksin heyvandarlıqla yanaşı, quşçuluq istiqamətində də fəaliyyət göstərdiyi bildirilir.

 

Hadisə nəticəsində xeyli sayda toyuq-cücə tələf olub, tonlarla ot bağlaması yararsız vəziyyətə düşüb.

 

Qatı tüstü səbəbindən kompleksin quşçuluq təsərrüfatında xeyli sayda toyuq-cücə də  boğularaq tələf olub. Yanğının söndürülməsində iştirak edən FHN-nin əməkdaşlarından Elxan Ramiz oğlu Quliyev tüstüdən zəhərlənib. Hadisə yerinə çağırılan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadası ona ilkin tibbi yardım göstərib. Daha sonra zərərçəkmiş Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yola salınıb. Hazırda onun vəziyyətinin normal olduğu bildirilir. Yanğınla mübarizə səhər saatlarına kimi davam edib. 

Müəllif | Apa.Tv