Bakı Təhsil İdarəsindən TQDK-a sərt ittiham

Bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Bakı şəhəri üzrə təhsil işçilərinin konfransı keçirildi. Tədbirdə məktəb direktorları, direktor müavinləri, müəllimlər, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibləri, yüksək balla ali məktəblərə daxil olmuş məzunlar, habelə aidiyyəti təşkilatların nümayəndələri iştirak etdi. Konfransada Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Məhəmməd Bayramov 2012/2013-cü dərs ilinin yekunları və qarşıda duran vəzifələr mövzusunda məruzə ilə çıxış etdi. O bildirdi ki, şagird qəbulunda vətəndaşların incidilməsi təhsil sistemi barədə xoşagəlməz rəy formalaşdırır. Təhsildə olan çatışmazlıqlardan danışan Məhəmməd Bayramov qeyd etdi ki orta məktəblərdə davamiyyətin pozulmasının birinci səbəbi qəbul imtahanlarının ağır olmasıdır. Qəbul imtahanlarının ağırlığı bu gün şagirdi məktəbdən uzaqlaşdırır.

 

Məhəmməd Bayramov bildirdi ki Azərbaycanda məzunların yekun attestasiyası, yəni buraxılış imtahanları Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılır. yekun attestasiya onlar tərəfindən aparılırsa və medallar da yekun attestasiyasının yekunlarına əsasən verilirsə, həmin qurumun kiməsə irad tutmasının heç bir əsası yoxdur.

 

Daha sonra tədbirdə məktəb direktorları və müəllimlərin fikirləri, təklifləri dinlənildi.

 

Konfransda çıxış edən təhsil naziri Mikayıl Cabbarov da təhsil sahəsindəki nailiyyətlər və mövcud problemlərin həlli istiqamətində qarşıda duran vəzifələrdən danışdı. Təhsil naziri Mikayıl Cabbarov jurnalislərə dedi ki, yay aylarında Bakının 164 məktəbində cari təmir işləri aparılıb. Bu isə Bakıdakı məktəblərin 50 faizinin təşkil edir.

 

Qeyd edək ki, sentyabr konfransında təhsillə bağlı bir sıra müzakirələr aparılıb.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova