Qəbələdə pnevmatik tüfəngdən 10 metr məsafəyə atəş açma yarışlarının qalibi müəyyənləşdi
Qəbələ Stend və Ox Atıcılığı Kompleksində keçirilən olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışları davam edir. APA TV-nin yerli bürosunun xəbərinə görə, avqustun 10-da kişilər arasında keçirilən pnevmatik tüfəngdən 10 metr məsafəyə atəş açma yarışlarının final mərhələsi başa çatıb. Yarışda Cao Yifei (Çin) 207 xalla birinci, Kim Sang Do (Koreya) 206 xalla ikinci, Gorsa Petar (Xorvatiya) 186 xalla üçüncü yeri tutub. Sonra idmançıların mükafatlandırılması mərasimi keçirilib.
Qeyd edək ki, bu yarışda indiyədək 6 idmançı gələn il Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Hazırda qadınlar arasında kiçik çaplı tapançadan 25 metr, kişilər arasında isə tapançadan 50 metr məsafəyə atəş açma yarışları keçirilir. Bu yarışlarda Azərbaycanı qadınlardan Nigar Nəsirova, Zərifə Qasımova, Xəyalə Hüseynli, Leyla Mirzəzadə, Rübabə Quluzadə, Ülviyyə Eyvazova, kişilərdən Ülfan Axundov, Elvin Astanov, Məmmədəli Abdullayev və Rəsul Məmmədov təmsil edir.
Atıcılığın 17 növü üzrə keçirilən bu yarışlarda dünya reytinq cədvəlində xüsusi yer tutan olimpiya atıcılıq növləri üzrə 100-ə yaxın ölkədən 2 minə yaxın idmançı iştirak edir. Ölkəmizi bu mötəbər yarışlarda 27 idmançı təmsil edir.